|
Sual: Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) "Mənim gözlərim yuxuya getsə də, qəlbim yatmaz!" sözünü necə anlamalıyıq?
Cavab: Həzrəti Aişə (r.a.) anamız İnsanlığın Fəxri Peyğəmbərimizdən (s.ə.s.)
bir dəfə: "Ya Rəsulallah! Vitr namazını qılmadanmı yatırsınız?" -deyə soruşduğunu
və Allah Rəsulunun "Ya Aişə! Şübhəsiz, mənim gözlərim yuxuya gedər, lakin
qəlbim yatmaz!" buyurduğunu demişdir.
Gecə İbadəti və Vitr Namazı
Həzrəti Peyğəmbər Əfəndimizin (s.ə.s.) "Qəlbim yatmaz" deyişinə səbəb olan sualı
(səbəbi-vücud) nəzərə alanda, Allah Rəsulunun (s.ə.s.) bu sözü bir az istirahət
edəndən sonra qalxıb təhəccüd (işa namazını qılıb bir miqdar yatdıqdan sonra
qalxıb qılınan çox fəzilətli bir namaz) və vitr namazını qılmaq üçün oyaq yatdığını
ifadə etmək üçün söylədiyi aydın olacaqdır.
Bir hədisi-şərifdə, "Gecənin sonunda oyana bilməyəcəyindən qorxan, gecənin
əvvəlində (gecə namazından sonra) vitr namazını qılsın, sonra yatsın! Gecə qalxa
bilən isə vitri o zaman qılsın! Çünki gecənin sonundakı qiyamda rəhmət mələkləri
hazır olur." buyurulmuşdur. Başqa bir peyğəmbərkəlamında da:"Ən son
qıldığınız namaz vitr namazı olsun." deyilmişdir. Beləliklə, gecə oyana
bilənlər üçün vitr namazını sonraya saxlamaq daha fəzilətlidir. Digər tərəfdən,
təhəccüdə qalxmaq üçün məcburedici bir amil olsun deyə vitri sonraya saxlamaq və
vacibi qılmaq məqsədi ilə gecə məcburi qalxaraq bir neçə rükət nafilə namaz qılmağa
səy göstərmək gecə ibadətini vərdiş halına gətirmək üçün mühüm bir səbəbdir.
Hikmətin Dili-Fasehi Əfəndimizin (s.ə.s.) qəlbinin hər zaman oyanıq olduğunu
deməsi onun gecə ibadətinə qalxa bilməmək kimi bir narahatlılığın olmaması, bir
az istirahət etmək üçün gözlərini yumsa da, mübarək könlünün namaz həyəcanı ilə
həmişə oyanıq olması və vitr namazını, ümumiyyətlə, təhəccüddən sonra qıldığı mənasına
gəlir.
Daimi Mənəvi Rahatlıq və Yəqzan
Ümumiyyətlə, Rəhbəri-Əkməl Əfəndimizin (s.ə.s.) həyatına baxanda isə; "Qəlbim
yatmaz" bəyanından Onun xüsusi mövqeyinə və o mövqeyə xas bir mahiyyətə
sahib olduğunu anlamaq lazımdır. Bəli, Cənabi-Haqq Həzrəti Peyğəmbər Əfəndimizə
(s.ə.s.) elə bir təbiət bəxş etmişdi ki, O hər an, hətta gözlərini yumub istirahət
edəndə də Rəbbinin hüzurunda imiş kimi könül üfüqündə həmişə o dərgahın ədəbinə
riayət edirdi.
Əslində, Məhəmməd (s.ə.s.) ümmətindən bəzi şəxsiyyətlər Cənabi-Haqla münasibəti
bir anlıq kəsilsə, həlak olacaqlarına inanar. Nə vaxt, Onunla əlaqənin azca pərdələndiyini
hiss etsələr və müvəqqəti dumana qərq olsalar tir-tir əsər, qorxardılar. Bir ömür
boyu Onu görürmüş kimi ya da heç olmasa, Onun nəzarətində olma şüuru ilə yaşayıblar.
Xələflərinin qəflətdən bu qədər uzaq olmaları nəzərə alınsa, Sultanlar Sultanının
(s.ə.s.) gözlərini yumduğu zamanlarda belə əsla qəflətə düşməyəcəyini daha yaxşı
anlayacağıq.
Bəli, Allah Rəsulu (s.ə.s.) çox fərqli bir mahiyyətə sahib idi və çox fərqli
bir "maallah (Allahla bərabər olma)" həqiqətinin üfüqünü təmsil edirdi. Başqa sözlə,
O, cismani olaraq yuxuya gedərkən də qəlbi ilə həmişə oyaq idi. Təsəvvüfdəki ifadə
ilə "yəqzan" Onun (s.ə.s.) daimi halı idi.
Lüğəti mənası “oyanıqlıq” olan yəqzan; termin olaraq Haqqın əmr və qadağaları
qarşısında hazır və həssas olmaq; müxtəlif mövqe və təbəqələrdə həmişə fikri və
ruhi istiqaməti mühafizə etmək, tərəddüdə, şübhəyə düşməmək və həmişə bəsirətlə
ibadət ədəbini qorumaq mənalarına gəlir.
Könlün yəqzanı isə, Haqqın hər an qullarının hər halına bələd olduğu şüuru ilə,
hiss, idrak, iradə və qəlbən Ona yönələrək və həmişə İlahi dərgahın ədəbini nəzərə
alaraq yaşamaqdır.
Bəli, daim Haqqın dərgahına mütəvəccöh olmaq və "O hər an məni gördüyünə görə,
mən də hər an təmkinli olmalıyam" mülahizəsi ilə Ondan gələn nemətləri gözləmək
mütəyəqqiz (oyanıq, ayıq-sayıq) qulun hər zamankı halıdır və belə bir haqq
yolçusu ömür boyu Cənabi-Haqqın riayət və inayəti altındadır. Bu mənsəbin ən böyük
qəhrəmanı Həzrəti Peyğəmbər Əfəndimizin (s.ə.s.), "Mənim gözlərim yuxuya gedər,
qəlbim yatmaz" bəyanı ilə bax belə bir yəqzani-daimiyə işarə etmişdir.
Könül Oyanıqlığı Əsasdır
Peyğəmbər Əfəndimizin (s.ə.s.) mütəmadi yəqzanda olması mükəlləfiyyət baxımından
da Onun hal və hərəkətinə əks etmişdir. Allah Rəsulunun (s.ə.s.) qəlbi daima oyanıq
olduğuna görə -bu yalnız ona xas keyfiyyətdir- yuxudan oyandıqdan sonra dərhal namaza
durduğu barədə rəvayətlər var.
Həzrəti İbn Abbas (r.a.) Rəsuli-Əkrəmin (s.ə.s.) yanında namaz qıldığı bir gecədən
danışarkən "Namazını bitirincə yana söykəndi və yatdı. Hətta nəfəs alıb-verməsi
də yuxuda olduğunu deyirdi. Bir müddət sonra Bilal (r.a.) gələrək səhər namazının
vaxtının girdiyini xəbər verdi. Bunu eşidən Allah Rəsulu məscidə gedib namazını
qıldı, lakin dəstəmaz almadı," demişdir. Deməli, Fəxri-Kainat Əfəndimizin (s.ə.s.)
mübarək qəlbi yuxu da daxil hər an dəstəmazından əmin olacaq və dəstəmazının pozulub
pozulmadığını biləcək qədər oyanıq idi.
Digər tərəfdən, insanın yatması, ya da oyaq olması mütləq gözlərinin açıq, ya
da qapalı olmasına bağlanmamalıdır. Gözü açıq olub könlü yatan bir çox insan var.
Gözlərinin olmasına baxmayaraq, görə bilməyən, qulaqları olduğu halda eşidə bilməyən
və maddi bir ürək daşısa da, həqiqətləri anlaya bilməyən bir çox insan olduğunu
Qurani-Kərim çox yaxşı ifadə edir.
Əslində, həqiqi görmə yeri qəlbdir. “Qəlb gözünün açıqlığı” da deyə biləcəyimiz
bəsirət sayəsində insan, ilahi təcəllilərlə nurlanıb Zati-Üluhiyyətin ünsiyyət ziyası
ilə sürmələnmiş şüura sahib ola bilər. Bu şüurla da o, dəlil və şahidə ehtiyac duymadan
əşyanın pərdəarxası sirlərinə və ağılın qavraya bilmədiyi yerlərdə həqiqətlər həqiqətinə
qovuşar.
Buna görə də, sıravi insanlar üçün qəflət sayılan yuxu belə İnsanlığın İftixarı
Peyğəmbərimiz (s.ə.s.) üçün mənəvi aləmlərə gedən yol olmuşdur. Çünki Onun xəyalı
həmişə dumduru, yuxuları da səhihdi. O, gözləri qapalı olanda belə bəsirətlə görünməzləri
görür, hadisələri hikməti ilə süzür və hər şeyi qiymətləndirirdi. Hətta Allaha yaxınlığın
dərinləşdiyi və tamamilə dünyaya qarşı qapandığı anlar Onun duyma, görmə, dərk etmə
və qiymətləndirməsinin ən yüksək olduğu zamanlar sayılırdı. Masivadan (Allahdan
qeyri hər şey) tamamilə əlaqəsini kəsdiyi hallarda vəhy gəldiyi çox olardı. Allah
Rəsulu (s.ə.s.) belə halda ikən nazil olan ayələrin bir sözünü belə hədər etmir,
bəzən bir cüz qədər ayələri bir anda sözbəsöz yaddaşına həkk edərdi. Halbuki, o
əsnada özünə toxunulsa, fərqinə vara bilməyəcək qədər xarici aləmə qarşı qapalı
olurdu, lakin şüuru fövqəladə dərəcədə oyaq idi.
Beləliklə, Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) gözləri yuxuya getsə də, ürəyi heç
yatmazdı; bəlkə zahiri və cismani duyğu orqanlarının müvəqqəti işləmədiyi anlar
olardı, lakin daxili idrak hissləri hər zaman fəal idi. |