|
Böyük və ciddi dəyişikliklər ərəfəsindəyik. Cəmiyyət sancılar üçində qıvranır və yeni bir doğum sancısını çəkir... İllərlə min bir paradoksla özünə xas cizgidən uzaqlaşmış kütlələr gələcək haqqında olduqca narahat və ümidsizdir. Ürəklər əlacsız.. zehinlər məhrum.. ilhamlar xoşagəlməzdir...
Ruh dünyası bu qədər sarsılmış, gələcəyi xaos və pərişan kütlələr dizlərinə dərman,
ürəklərinə təpər gözləyirlər. Özündən həyat və səadət umduğu həvarisinin, iman və
ümid mesajları ilə qarşısına çıxması cəmiyyət üçün ən həyati bir mövzudur.
Ümid hər şeydən əvvəl bir inanc işidir. İnanan insan ümidlidir və ümidi də inancı
nisbətindədir. Buna görədir ki , sağlam inancın məhsulu olan bir çox şey bəziləri
tərəfindən möcüzə zənn edilir. Əslində, ümid, əzm və qərarlılıq imanla dolu bir
qəlbə girincə bəşəri normalar aşılır. Bu səviyyədə könül dünyasına sahib ola bilməyənlər
isə bunu fövqəladə sayırlar.
Əgər insan nəyə inanacağını düzgün seçə bilib və ona könül veribsə, artıq onun
ruh aləmində ümidsizlik, pessimizm və bədbinlikdən əsla söz edilə bilməz.
İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf etməyə başlayır. Beləliklə,
ümidini itirmiş insan var sayılmadığı kimi, ümiddən məhrum cəmiyyət də iflic olmuş
deməkdir.
Ümid insanın öz ruhunu kəşf etməsi və ondakı iqtidarı sezməsindən ibarətdir.
Bu sezişlə insan Qüdrəti Sonsuzla münasibətə girər bununla hər şeyə qadir güc və
qüvvəti əldə edər. Bunun sayəsində, zərrə günəş, damla dərya, parça bütöv və ruh
kainatın bir nəfəsinə dönər.
Adəm Nəbi (ə.s.) səmasının qaraldığı, əzminin qırıldığı və canının boğaza gəldiyi
bir dövrdə ümidlə silkələndi, "Nəfsimə zülm etdim." -dedi və dirçəldi. Şeytan isə,
könlündən axıtdığı ümidsizlik qan və irini içində çox çabaladı və nəhayət boğuldu...
Hər könül əri ümiddən bir məşəllə yola çıxıb, bununla tufanlara sinə gərib, fırtınalarla
pəncələşib və dalğalarla çarpışmışdır. Birində ümid bir Cudi(Həzrəti Nuhun (ə.s.)
tufandan sonra gəmisi ilə sahilə çıxdığı dağın adı) tumurcuğu, birində İrəm bağları,
birində də Mədinələşən bir Yesribə(Mədinəi Münəvvərənin İslamdan əvvəlki adı) dönmüşdür.
Bu vadidə hər ümid qəhrəmanı, eyni zamanda Haqq dərgahının əzizi, xalqın da bayrağı
olmuşdur.
Ümid və əzmlə coşan bir Bərbəri kölə, Herakl sütunlarına yeni bir ad gətirmiş
və dənizin o tayındakı ölkələrin əfsanəvi qəhrəmanı olmuşdur. Və həmçinin, ümidlə
ildırıma dönən gənc bir sərkərdə zamanla oynamış və bəşər tarixində çox az insanın
əldə edə bildiyi zirvələrə nail olmuşdur.
Bir də, hər şeyin bitdiyi, millətin qəddinin büküldüyü, qürurunun qırıldığı dövrdə
iman və ümidin dastanlaşdırılacaq bir hal alması var ki, inancın dərəcəsinə görə,
onu əldə edən kainata meydan oxuya bilər, əlli min dəfə çarxı, nizamı pozulsa, sarsılmadan
yoluna davam edər, yoxluqda varlıq cilvəsi göstərib ölü ruhlara can verər.
Ümidlə uzun yollar aşılar, ümidlə qanlı, irinli dəryalar keçilər və ancaq ümidlə
dirçəlişə və nizama nail olunar. Ümid dünyasında məğlub olanlar həqiqətdə də məğlub
olmuş sayılırlar. Elə cəsarətlə və mərdliklə yola çıxanlar var ki, iman və ümid
zəifliyindən yarı yolda qaldılar. Kiçik bir zəlzələ, bir fırtına, axıb gedən bir
sel, onların əzm və iradələrini də özü ilə birlikdə götürüb aparmışdır. Onlara ümidlə
bağlanıb sonradan onlarla birlikdə ümidsizlik bataqlığına düşüb boğulanların halı
isə daha acınacaqlıdır.
Əslində, həqiqəti görməyən və ona qəlbən bağlana bilməyənlərin başqa cür olmaları
da qeyri-mümkündür. Şan-şöhrətə, mənsəbə ümid bağlamış, sərvətə, mala-mülkə könül
vermiş və bu fani dünya malı ilə qəlblərini ovunduranlar, şübhəsiz ki, gec-tez hüsrana
düçar olacaqlar.
Solmayan rəngə, sönməyən işığa, batmayan günəşə könül vermiş insanların isə gecəsi
sabah aydınlığı qədər təmiz, gündüzü də Cənnət bağları kimi rəngarəngdir. Onların
zülmət tanımayan üfüqündə həmişə günəş nur saçır və dəyişən fəsillər, müxəlif mənzərələrin
ovsunlayıcı məşhərləri kimi bir-birini əvəz edir. Hər biri bir qocaman ağac kimi,
səmaya doğru elə ucalıb və torpağın dərinliklərinə elə kök salıblar ki, nə qarın-boranın
şiddəti, nə də fırtına və çovğunun dağıdıcı qüvvəsi onları mütəəssir edə bilməz.
Sonsuza bağlanmış və ümidlə dolu bu könüllər bahar deməz, yaz deməz, payız deməz,
qış deməz, o qol-budaq, o gövdədən gözlənilən qucaq-qucaq meyvələrlə gələrlər.
Bizim bir millət olaraq, küsüb inciməyən, əzm edib qorxmayan və ümidsizliyə əsla
qapılmayan yol göstərən böyüklərə çörək qədər, su qədər, hava qədər ehtiyacımız
var. Həvəslə yola çıxıb umduqlarını (dünya üçün) tapa bilməyərək, ümidsizliyə
düşən və ya Yaradandan üz döndərənlərə gəlincə, onlar bizdən, biz də onlardan çox-çox
uzağıq. Buna baxmayaraq, fələyin geniş çarxı heç vaxt yerdəki bu səfillərin çürük
fəlsəfələrinə və xarab həndəsələrinə görə cərəyan etməyəcək..!
Min bir ümid tumurcuğunun təbəssüm etdiyi və min bir toxumun torpağın altında
baharı gözlədiyi bu günlərdə ümiddən məhrum könüllərə ümid diləklərimizlə...
Sızıntı, Dekabr 1980 |