|
Sual: İnsaf nə deməkdir, insaflı olmanın əlamətləri nələrdir?
Cavab: İnsaf-kim tərəfindən səsləndirilirsə səsləndirilsin, haqq və həqiqəti
qəbul və etiraf etmək, hər kəslə mərhəmət və ədalətlə rəftar etmək, öz haqlarının
yanında başqalarının hüquqlarını da qorumaq; nəfs, həva və həvəsə deyil, vicdan,
məntiq və ümumbəşəri insani dəyərlərə müvafiq davranışlar nümayiş etdirmək və haqqın
ən kiçiyinə belə riayət etmək deməkdir.
İnsaf Dinin Yarısıdır
Bəzən haqq, bəzən ədalət və bəzən də düzgünlükdən heç ayrılmamaq mənalarını ifadə
etmək üçün istifadə edilən insaf təbiri (söz, kəlmə, ifadə) haqq iddia edərkən əsla
başqalarına qarşı haqsızlıq etməmənin, hətta öz nəfsi üçün əldə etmək istədiyi bir
şeyi digər insanlar üçün də diləmənin və lazım olsa, haqq mövzusunda onları irəli
keçirmənin və haqqı yerinə yetirmə barəsində ifrat və təfritdən uzaq qalaraq hər
zaman müvazinəli davranmanın ünvanıdır.
Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.) insafı gözəl əxlaqın təməl ünsürləri arasında
saymış; "Bu üç şey imandandır: Nəfsin tərsliklərinə baxmayaraq, insafı əldən buraxmamaq,
salamı hər yerdə yaymaq və özünün sıxıntılı vəziyyətində belə başqasına kömək etmək."
-buyurmuşdur.
Xalq arasında hədis olaraq bilinən "İnsaf dinin yarısıdır" sözü də şəxsən Allah
Rəsulu (s.ə.s.) tərəfindən dilə gətirilməmiş olsa belə, yenə Onun haqq və ədalətlə
əlaqəli mübarək bəyanlarının xülasəsi mahiyyətində bir nəzakətli kəlamdır.
İnsan bir məsələni öz məntiq və mühakiməsinə görə müəyyən bir şəkildə qiymətləndirərkən
bəzən fərdi mülahizələrini mərkəzə çəkib o mövzuya nəfs və cismaniyyət baxımından
baxa bilər. Bunu edərkən də çox vaxt yanıla bilər, səhv hökmlərə vara bilər və özünü
mütləq haqlı sana bilər. Belə bir vəziyyətdə, şəxsi duyğu, düşüncə, təmayül və istəkləri
fərqli olduğu halda, insanın -işin həqiqətini, əslini öyrənən kimi- haqqa tərəfdar
çıxması və nəfsinin əleyhinə bir yön təyin etməsi insafın ifadəsidir. Hər zaman
dinə ehtiram göstərmək, əxlaqı haqpərəstlik xüsusiyyəti ilə yoğurmaq, həmişə doğrunun
arxasında olmaq və eqoist meyillərin təzyiqinə baxmayaraq, vicdanın səsinə uyub
haqqın qolundan tutub qaldırmaq insaflı olmanın gərəyidir.
İnsafsız adam qəddardır, mərhəmətsizdir; sui-zənn etmək (başqaları barədə
mənfi düşünmək) üçün hər fürsəti istifadə edir; bir pislikdən ötürü, bəlkə,
onlarla yaxşılığı görməzlikdən gəlir və heç vaxt hüsnü-zənndən (hər şey haqqında
gözəl düşünmək) bir zərrə belə nəsibi olmaz. İslam əxlaqı insaf və hüsnü-zənni
tövsiyə etdiyi halda, insafsız adam haqsızlığı və pis düşüncəni əsas alır. Başqa
sözlə, bir bağçadakı tək çürük almaya əsaslanaraq bütün bağçanın quraq və bərəkətsiz
olduğu hökmünü verir. Əslində, dövlət xəzinəsindəki əzilmiş, rəngi solmuş bir pul
o xəzinənin qiymətini aşağı salmaz, lakin insafsızın nəzərində həmin pul kimi bir
xoş olmayan xüsusiyyətdən ötürü insan deyilən xəzinə dəyərsiz bir əşyaya çevrilə bilər.
Bir səhv bu qədər gözəl əməli örtməməlidir!..
Halbuki, Haqq qatında həsənənin (gözəl iş, xeyir iş) on, seyyiənin (pis iş, günah)
isə bir sayıldığına görə, bir səhv bu qədər həsənəyə qarşı ürəyi bulandırmamalıdır.
İnsaflı mömin hər zaman gözəl düşünməyə və yaxşılıqları görməyə çaışmalıdır. İnsaflı
mömin bir insanı hər hansı bir səhvindən ötəri dərhal ədəmə məhkum etməməli (yox
saymamalı, silib atmamalı), əksinə, bəlkə də, onun bir yaxşılığını bütün pisliklərinə
kəffarə bilməlidir. Məsələn, insaflı bir mömin eyni məfkurəyə könül vermiş qardaşını
dəyərləndirərkən, "Filankəs bu pis işi gördü, lakin onun dininə və imana sədaqətini
görməzlikdən gələ bilmərəm!" deməli, yol yoldaşına qarşı fövqəladə vəfalı olmalı
və həmişə haqqı ali tutmalıdır.
Necə ki, hədis kitablarında nəql edilən bu hadisə mövzu ilə əlaqəli çox əhəmiyyətli
bir əsası vurğulayır. Hələ içkini, şirəni və şərbəti bir-birindən ayıra və bu vərdişdən
xilas ola bilməyən bir səhabə bəzən sərxoş olacaq qədər xumarlanır və hər dəfə də
Rəsuli- Əkrəm tərəfindən nəsihət alır. O səhabə bir gün yenə eyni günahla Rəsulullahın
hüzuruna gətirilir. Camaatdan biri, "Allahım, bu adama lənət et! Bu neçənci dəfədir
eyni günahla cəzalandırılır, amma heç cür islah olmur," deyə qarğış edir. Bu sözü
eşidən Şəfqət Peyğəmbəri (s.ə.s.) "Ona lənət etməyin. Allaha and içərəm ki, o, Allahı
və Rəsulunu könüldən sevir!" deyib, "Allahım, ona rəhmət et və onun təqsirini bağışla!"
şəklində dua etməyi əmr edir.
Bəli, səhabənin Allah və Rəsuluna olan münasibətinə bu qədər təvəccöh göstərilməsinə
nəzər yetirilsə, Haqq kəlamını sevdirməyə çalışmanın insana nələr qazandırdığı və
Allahın adının ürəklərə nəqş etmə yolunda səy göstərən insanın səhv və qüsurları
qarşısında necə davranacağımız barədə məqsədəuyğun bir görüş bildirilə bilər.
Haqq eşqi və həqiqəti tənzih (açığa çıxarmaq, təmizləmək) arzusu
İndiki zəmanədə insafsızlığın ən çox boy atıb inkişaf etdiyi və dəhşətli bir
mərəz halına gəldiyi sahə isə, qərəz, hiyləgərlik və təkəbbürə istinad edən tənqid
sahəsidir. Əslində, bir insanın, ya da bir şeyin yaxşı və ya pis tərəflərini, mənfi
və ya müsbət yönlərini tapıb meydana çıxarmaq, olanla olması gərəkən arasında müqayisə
etmək demək olan "tənqid", ideala varmada əvəzsiz bir yoldur.
Müsbət mənada tənqid etmək və tənqidə açıq olmaq elmi əsaslardan biridir. Belə
ki, onun da bir üslubu və uyğun bir şəkli vardır. Hər şeydən əvvəl, tənqid edən
insaflı davranmalı, söyləyəcəklərini nəfsi hesabına deyil, Haqq rizası adına söyləməli
və xeyir mülahizəsindən başqa bir niyyəti olmamalıdır. Tənqidin saiqəsi (səbəbi,
amili) haqq eşqi və həqiqəti tənzih arzusu olmalıdır. İnsaflı bir münəqqid (tənqid
edən adam) yalnız haqq və həqiqətin inkişafını məqsəd bilməlidir. Əks təqdirdə,
təkəbbür və demaqoqluğa inzimam (qatılan) edən insafsız tənqid həqiqəti korlayıb
haqsızlığa səbəb olar.
Bildiyimiz kimi, hər hansı bir həqiqətin aşkar edilməsi üçün fikir mübadiləsi
etmə, müəyyən qayda və qanun çərçivəsində müzakirələr həyata keçirmə, müştərək düşünmə,
qarşılıqlı söhbət və insaflı ifadə sayəsində fərdi mülahizələri ortaq ağıla həvalə
etmə işinə "münazirə (etika dairəsində müzakirə)" deyirik. Əfsuslar olsun ki, indiki
zəmanədə münazirə adına cərəyan edən demək olar ki, bütün müzakirələrdə də insafsızlığın
tənqid rənginə boyanmasına şahid oluruq.
Bu gün fikir dueli də deyə biləcəyimiz cidal (şiddətli qalmaqal, mübahhisə),
müğalitə (həqiqətə əsaslanmayan mübahisə) və demaqogiya sahəsindəki atışmalara iştirak
edən hər kəsin bəzi kompleksləri olur və müzakirə edənlər, ümumiyyətlə hər hansı
bir həqiqətin aşkara çıxmasından daha çox hər nə olursa olsun öz mülahizələrini
qarşı tərəfə qəbul etdirmənin mübarizəsini aparırlar. Belə ki, bu barədə ciddi səy
göstərir, bəzən söz və məntiq oyunlarına girir, rəqiblərini qızışdırma, qarşıdakını
ağız açmağa imkan verməməyə və utandırma kimi mənasız şeylərə müraciət edir və həqiqətə
qarşı həmişə qapalı yaşayırlar. Həqiqətlərin ortaya çıxmasından daha çox, qarşı
tərəfin düşüncə, ifadə və fəlsəfəsinə zidd şeylər deyərək söhbəti dialektikaya çevirirlər
və artıq münazirlər şahmat oynayırmış kimi bir-birini mat etmə, hörmətdən salma
və məğlub etmə mülahizəsi ilə hərəkət edirlər. Əslində, bu cür müzakirələrə qətiyyən
münazirə deyilə bilməz, buna deyilsə deyilsə, ancaq ağıl və fikir əlillərinin deyişməsi
deyilər. Əfsuslar olsun ki, hal-hazırda münazirə məclisləri dialektika meydanlarına
çevrilmiş haldadır.
Bu xəstəliyin yeganə çarəsi insafın əldən buraxılmaması, haqqın xatirinin hər
zaman əlüstə tutulması və heç kimə fəda edilməməsidir. Hər münazirin öz-özünü ittiham
etməsi və nəfsinə deyil daim həmsöhbətinə tərəfdar olmasıdır. Bir-birini utandırmaq
bir tərəfə, haqlı çıxanın rəqibini xəcalətə salmaq kimi bir cəhətin insani dəyərlərə
hörmətsizlik sayılmasıdır.
Nur Müəllifinin dediyi kimi: "Elmi-münazirə alimləri arasında haqpərəstlik
və insaf düsturu belədir: Əgər insan bir məsələnin münazirəsində öz sözünün doğruluğuna
səmimiyyətlə tərəfdar olub özü haqlı çıxdığına sevinsə və rəqibinin haqsız və səhv
olduğundan ötürü məmnun olsa, insafsızdır. Çünki əhəmiyyətli olan haqlı çıxmaq deyil,
haqqın ortaya çıxmasıdır. Digər tərəfdən, özünün haqlı çıxmasına və rəqibinin səhvinə
sevinən insan zərərə düşər. Çünki haqlı çıxdığı vaxt o münazirədə bilmədiyi bir
şeyi öyrənə bilməz, əksinə bəlkə də təkəbbürə qapılıb çox zərərə məruz qalar. Lakin
əgər haqq rəqibindən çıxsa, heç bir zərər ehtimalı olmadan bilmədiyi bir məsələni
öyrənib mənfəətdar olar və nəfsi də qürurundan xilas olar. Deməli, insaflı haqpərəst
haqqın xatirinə öz nəfsini qırır, haqqı rəqibinin əlində də görsə, yenə razılıq
ilə qəbul edib onun tərəfini saxlayır."
Biz insaflıyıqmı?!.
Digər tərəfdən, bəzən başqa din və fəlsəfənin mənsubları haqqında "Kaş ki, bu
insanlar bir az insaflı olalar, Qurani-Kərimə və Rəsuli-Əkrəm Əfəndimizin çağrısına
da bir nəzər yetirələr! İnsaf onların da gözlərini aça bilər və fərqli şərhlərə
səbəb ola bilər. Kaş ki, kompleks düşüncələrdən xilas olalar, İslama insafla baxa
bilələr!" şəklində bəzi mülahizələrə dalıb həmsöhbətlərimizi insafa çağırırıq.
Lakin onları insaflı olmağa dəvət edərkən, görəsən, insafın bizə düşən yönünü
hesaba qatırıqmı? Görəsən, biz haqqı və həqiqəti onlara nə səviyyədə izah edə bildik?
İnandırıcı və əmniyyət təlqinedici bir üslub nümayiş etdirə bildikmi? Onlardakı
insaf duyğusunu hərəkətə gətirəcək keyfiyyətdə bir təmsil ortaya qoya bildikmi?
Müsəlmanlar olaraq, dünyanın bir çox ölkəsinə getdik. Bəzi yerlərdə müəyyən bir
hörmət edilən saya da çatdıq. Lakin o əhaliyə bərabər bir nüfuza sahib ola bilmədik.
Çünki əksəriyyətlə, dünyəvi məqsədlərə bağlı olaraq, bəzilərinin qapılarında hambal
kimi çalışdıq. Ağaların qullarını dinləmədikləri kimi, onlar da bizim sözlərimizə
qulaq asmadılar.
Ümumiyyətlə, müsəlmanları kölə kimi istifadə etdilər və işləri bitincə də qapının
eşiyində qoymanın yollarını araşdırdılar. Beləliklə də, müsəlmanlar çox yerlərə
getmiş olsalar da, İslamın dəyərləri o diyarların insanlarına çatmış sayılmaz. Hələ
materializm və naturalizmin hakim olduğu bir dövrdə, əşya və hadisələrə materialist
nəzərlə baxmağa alışmış insanların İslam və Quran məntiqi ilə tanış olduqlarını
deyə bilmərik. Başqa sözlə, bu gün (yer üzünü qana bulayan və məzlumlara qan qusduran
zalımlar istisna) insaf gözlədiyimizin çoxu bir yönü ilə hələ fətrət dövrünün (peyğəmbər
gəlmədən keçən dövr) insanları sırasındadırlar.
Elə isə, əvvəlcə biz insaf etməli deyilikmi? Dünyanın hər tərəfinə gedə bilmədiyimiz,
inandırıcı bir haldır. Rəftar və keyfiyyət nümayiş etdirə bilmədiyimiz və nəzəri
yönü ilə çox gözəl olan Quran həqiqətlərini eyni gözəllikdə təmsil edə bilmədiyimiz
üçün əvvəla özümüzü sorğu-suala çəkməli deyilikmi? Əgər həmsöhbətlərimiz: "Deyilənlər
çox gözəl şeylərdir, lakin o həqiqətləri yaşayan və yaşadan bir camaat görə bilmədik.
O ali əxlaqla nurlanmış insanlara şahid ola bilmədik. Həssaslıqla yaşayan fəzilətli
insanlara rast gələ bilmədik. Hanı günaha axıra qədər qapalı və qapalı qalmağa da
əzmkar insanlar? Hanı mömin kimi yaşayan canlı təqva sahibləri? Belələrini görmədən
biz inana bilmərik!.." desələr və bu bəhanələrini dilə gətirsələr, Allah hüzurunda
biz nə edərik? Bu baxımdan, "insaf" deyərək başqalarını haqpərəst olmağa dəvət edərkən,
qarşı tərəfdə o insaf duyğusunu hərəkətə gətirəcək bir görünüşə ehtiyacımız olduğu
da unudulmamalıdır.
İnsaf duyğusunu hərəkətə gətirmə təmsili
İnsanlığın Fəxri Peyğəmbərimizi (s.ə.s.) görənlər: "Biz bu günə qədər Sənin
heç bir yalanına şahid olmadıq!.." -demədilərmi? "Sənin əmin və etibarlı
bir insan olduğun barəsində əsla şübhə etmədik!.." -deyə təsdiq etmədilərmi?
Bəli, Rəsuli Əkrəm Əfəndimizin (s.ə.s.) o yüksək və ali əxlaqı bir yönü ilə həmsöhbətlərinin
Qurani-Kərimə meyil göstərmələrinə, İslamın çağırışına qulaq asmalarına və Sadiq
Elçi Peyğəmbərimizi dinləmələrinə səbəb oldu. Rəhbəri-Əkməlin (s.ə.s.) bənzərsiz
təmsili vicdanlarda insaf duyğusunu hərəkətə gətirdi.
Hal-hazırda da könüllərə təsir edən və insanları insafa gətirən "təmsil"dir.
"Bu sözləri eşidərək haqqı tapdım!" -deyən çox azdır, lakin "Filan
səmimi möminin halını görüb hidayətə gəldim!" -deyən insanların sayı çoxdur. Əslində,
hidayətə səbəb olan sözlər də həmişə könül dili və hal şivəsinin damlaları olan
ifadələrdir. Çünki təbliğin ancaq həqiqi təmsillə gerçək dəyəri bilinər.
Amerikalı bir professorun bu xatirəsi təmsilin gücünə dəlil olan yüzlərlə hadisədən
yalnız biridir. Dinlər tarixi üzrə mütəxəssis olan bu şəxs bir qrup yoldaşı ilə
birlikdə Türkiyəyə gəlir. Bir gün yolu Urfaya, könül insanlarının hümmətinə müraciət
edilən bir yığıncağa düşür. Bir masanın ətrafında oturarkən yanına əyləşən bir Anadolu
insanı ilə tanış olur. Söhbət əsnasında amerikalı professor Cənub-şərqi Asiyadan
yeni döndüyünü deyir. Bunu eşidən o adam təvazö və xəcalətlə professorun qulağına:
"Eləmi? Mənim də Kambociyada bir məktəbim var!" -deyə pıçıldayır. Professor o haqq
aşiqindən danışarkən "Görünüşcə kasıb bir insan idi, çox təvazökar idi, lakin
heyrət etdim ki, haradasa bütün qazancını, bəlkə də, dünya gözü ilə heç görə bilməyəcəyi
bir məktəbə göndərirdi. Onun hümmətinin də olduğu fədakarlıqlar sayəsində açılan
məktəbdə kambociyalı uşaqların təhsil almalarından hədsiz dərəcədə sevinc duyurdu."
-deyir və o gündən sonra onların ixlas və səmimiyyəti barədə başqa dəlilə ehtiyac
duymadığını dilə gətirir.
O professor və digərləri Qurandan bixəbər insanlar deyillər. Lakin onlara təmsil
təsir edir. Yenə bir tanışım… Bəlkə də, on il İslamla əlaqəli kitablar oxuyur, amma
həyatında bir dəyişiklik meydana gəlmir. Bir gün bir yoldaşınıza qonaq gedir, o
səmimi insanın hər halı ilə "Allah" dediyini hiss edir. O qədər səmimi imiş ki,
bəlkə çox az danışar, amma hal və hərəkətləri ilə oturarkən "Allah" deyir, qalxarkən
"Allah" deyir, baxarkən "Allah" deyir, başını səcdəyə qoyarkən "Allah" deyir...
və inanmış insanın davranışları o şəxsə də çox təsir edir. Məhz o zaman kitablarda
gördüyü təfsilatı möhkəm bir zəminə oturda bilir və "Bu hərəkətlər bu təməl intizamlara
istinad edir!" -deyir.
Bu baxımdan, fərqli anlayışların nümayəndələri insafa dəvət edilərkən, onları
insafa gətirə biləcək təmsilin vacibliyinə də göz yumulmamalıdır. Haqpərəstliyə
çağırılan insanlara gözəl təmsil ilə haqqı göstərmək də insaflı olmanın gərəyidir.
Hətta demək olar ki, bu gün sevgi dili ilə dünyanın hər yanına açılan məhəbbət ərlərinin
yeganə vəzifəsi insaf duyğusunu hərəkətə gətirmə təmsilidir. |