| Tərcüməçinin önsözü |
|
|
| Yazarı Fərrux Əkbərov | |
| 24.04.2005 | |
|
Hal-hazırda ABŞ-da yaşamağa məcbur olan Fəthullah Gülənin adı təkcə Türkiyədə və Azərbaycanda deyil, dünyanın demək olar ki, bütün ölkələrində bu və ya başqa şəkildə, az və ya çox çəkilir, haqqında səhifə-səhifə məqalələr yazılır, onun fikir və ideyaları, bunların əməldə tətbiqi barəsində elmi tədqiqatlar aparılır. Hamı türk dünyasının adı bəlli olmayan bir kəndindən çıxan, adının altında heç bir elmi dərəcəsi, titulu olmayan, ancaq bu gün dünyaya insanlıq dərsi verən bu adamı başa düşməyə çalışır. Başa düşənlər onun haqqında daha çox mə’lumat almaq, onunla şəxsən görüşmək, ideyalarını tədqiqi etmək üçün cəhd göstərir, başa düşməyənlər, yaxud da ruhən və qəlbən məkr mənbəyi olanlar isə hay-küy salmağa, fikirləri bulandırmağa, diqqəti ondan yayındırmağa çalışırlar. Həmişə belə olub, indi də belədir, gələcəkdə də belə olacaqdır - əsrini qabaqlayan insanlar öz dövrlərində zülmə, işgəncəyə, tə’qiblərə mə’ruz qalmış, əsrlər keçdikcə qədr-qiymətləri daha aydın bilinməyə başlamış və tarix səhifələrində gecikmiş təəssüf dolu sətirlərlə buraxılan səhvlərin əvəzini çıxmağa çalışmışlar. Buna görədir ki, haqqında gedən söz-söhbətlər, yazılan yazılar birmə’nalı deyildir, tez-tez haçalanır, yorumlar edilir, fikir və mülahizələr irəli sürülür. Fəthullah Gülən ən çox maarifçilik, təhsil sisteminə gətirdiyi əsaslı islahatlar və... dünyanın dinlərarası müharibələrə cəlb edildiyi, İslam dinin əsl simasının gizlədilib hər tərəfdə terror mənbəyi kimi göstərilməsinə cəhd edildiyi bir şəraitdə İslam adından xoşgörü hərəkatı ilə anılır. Məslək e’tibarı ilə ilahiyyatçı olması, aləmə və onda baş verən proseslərə İlahi nəzərlə baxışı, bu barədə cild-cild kitablarında, söhbətlərinin audio və video kasetlərində təqdim etdiyi fikir və ideyaları əsasən Türkiyədə bə’zi dairələrin ona qarşı açıq düşmənçilik bəslənməsi ilə nəticələnmişdir. Dünyanın hər yerində olduğu kimi, Türkiyədə də bə’zi şəxs və qrupların mənfəəti, el dili ilə desək, «xeyiri» əxlaqsızlıqdan çıxır. Bu barədə danışarkən adamın yadına görkəmli nasirimiz, xalq yazıçısı Anarın «Evləri köndələn yar» pyesindəki qız atası obrazı düşür. Onun çörəyi, özünün dediyi kimi, Allahsızlıqdan çıxır. Say e’tibarı ilə azlıq təşkil etsələr də, çörəyi Allahsızlıqdan çıxan, milli və dini mənsubiyyətlərini gizlədən, dövlət əmlakını, maliyyə qaynaqlarını öz ciblərinə axıtmaqla yaşayan, güclü medya və maliyyə, həmçinin cinayət şəbəkələri quran, bununla da kifayətlənməyib beynəlxalq səviyyədə narkobiznes, silah və qadın alveri ilə özləri üçün firavan həyat (onlara görə «firəvan» ola bilər, bu sətirlərin müəllifi üçün belə həyat tərzi «Fir’oni»dir) sürən bu marjinal dəstə Fəthullah Güləni öz gələcəyinin potensial təhlükəsi kimi görürlər. Əşya və hadisələrə onların gözü ilə baxsaq (Allah göstərməsin!), onlar haqlı görünə bilərlər. Əxlaqın ziddi əxlaqsızlıq olduğu üçün əxlaqsızlığın düşməni də əxlaqdır. Fəthullah Gülənin ən böyük dərdi əxlaqlı insan, əxlaqlı ailə və əxlaqlı cəmiyyət qıtlığıdır! Onun gözlərindən sel kimi axan yaşlar təkcə Türkiyədə yox, dünyanın ən ucqar guşəsində də olsa, insan faciəsindəndir. Onun ən ağrıyan və qanayan yarası bəşəriyyətin kamilləşməsi, əbədi səadəti qazanması məqsədilə göndərilən İslama qara yaxılması, bu dinə öz möhtəşəm gücünü ortaya qoymaq imkanının qarşısının alınması üçün oynanan çirkin oyunlardır. Hansı şər şəbəkəsi insanların əxlaqlanmasını istəyər ki? Kim öz qəbrini öz əli ilə qazmağa razı olar ki? Lap şeytanın özü olsa belə! Təəssüf ki, şər şəbəkələri bu gün çox güclüdürlər, əlləri hər yerə çata bilir, dünyanın müxtəlif mətbu orqanlarına, həmçinin Azərbaycana da yol tapır, zəhərlərini tökə bilirlər və yenə də təəssüf ki, bu işdə onlara alət olanlar bir qayda olaraq siyasi müxalifət və onun mətbu orqanlarıdır. Hakimiyyəti gözdən salmaq, özlərinin alternativsiz xalq fədaisi kimi göstərə bilmək siyasi müxalifətin qanunudur (?) Belələri üçün xalqın kürəyinə bıçaq saplayan şər şəbəkələri ilə əməkdaşlıq etmək, düşmən dəyirmanına su tökmək olar. Heyif ki, bu dəyirmanda üyüdülən də yenə xalq, yenə onun mənafeyidir. Bu silsilə yazıları da kitablaşdırmaqda məqsədimiz elə Fəthullah Gülən fenomenini oxuculara olduğu kimi tanıtmaqdır. Yenə də təəssüf edirəm ki, indiyədək Fəthullah Gülənlə aparılan onlarla müsahibəni geniş oxucu kütləsinə çatdırmamışıq, ağlımıza gəlməyib, ya da tənbəllikdən, bəlkə də xalqımızın bəsirət gözünə inamımızdan qaynaqlanıb bu. Amma necə deyərlər, heç olmamaqdansa, az olması yaxşıdır. İnanıram ki, kitab oxucuları maraqlandıran əsas suallara cavab tapılmasına və Məğribdən-Məşriqdən yox, bizim öz içimizdən olan, Fəthullah Gülən kimi bizim olan bir fikir dühasının başa düşülməsinə yardım edəcəkdir. Fərrux Əkbərov |
|
| Axırıncı təzələmə ( 29.06.2007 ) |
| Sonrakı > |
|---|



Fəthullah Gülənin ən böyük dərdi əxlaqlı insan, əxlaqlı ailə və əxlaqlı cəmiyyət qıtlığıdır! Onun gözlərindən sel kimi axan yaşlar təkcə Türkiyədə yox, dünyanın ən ucqar guşəsində də olsa, insan faciəsindəndir. Onun ən ağrıyan və qanayan yarası bəşəriyyətin kamilləşməsi, əbədi səadəti qazanması məqsədilə göndərilən İslama qara yaxılması, bu dinə öz möhtəşəm gücünü ortaya qoymaq imkanının qarşısının alınması üçün oynanan çirkin oyunlardır. 
