Qoy Türkiyə yox, başqaları narahat olsun Çapdan çıxart E-mailə yolla
Reytinq: / 0
PisYaxşı 
Yazarı Fəthullah Gülən   
09.01.2005

Qoy Türkiyə yox, başqaları narahat olsunFəthullah Gülənin bir özü olmaqla dəyəri vardır, bir də ətrafı ilə, mərkəzdən ətrafa doğru yayılan tə’siri ilə dəyəri vardır. Ona hər iki tərəfdən də qiymət vermək lazımdır.

Fəthullah Gülən verdiyim bütün suallarıma ürəkdən cavab verdi. Nə verdiyim suallara çaşdı, nə də cavab verərkən nəyəsə ilişib qalmadı. Özünə inamla, dəqiq və açıq danışdı.

Davranışı, üzünün ifadələri, hal dili də sözlərinin e’tibarını artırırdı. Cavabını verə bilməyəcəyi heç bir əməlinin olmadığı bir insan rahatlığı var idi üzərində.

Gülən «könüllülər hərəkatı»nı Türkiyənin tarixində nadir hadisələrdən biri kimi görür.

Daha gözəl bir dünya və daha gözəl bir Türkiyə üçün «türkiyəli» olan bu hərəkatın gərəkliliyinə elə inanmış, elə inanmışdır ki, özünü büsbütün bu yola həsr etmişdir.

Mən Güləni məhz beləcə həsr olunmuş, açıq, aydın və şəffaf gördüm.

Gülən inanmış və inandıran bir insandır...

Dini dəyərlərimizin dağılıb gedəcəyindən qorxuruqsa, unutmayaq ki, biz çox sınaqlardan keçmis bir xalqıq. Xalqımız bölgədəki başqa xalqlardan daha çox təhlükəyə mə’ruz qalmış, həddindən artıq kasıb yaşamış, dəyərlərimizdən uzaqlaşmış, bə’zən ayaqları köklərimizdən üzülmüş, ancaq gördüyünüz kimi hələ də millətin səksən-doxsan faizi öz tarixi dəyərlərinə, ruh və mə’na köklərinə sıx bağlıdır.

- Avropa Birliyi - Türkiyə əlaqələrində sanki qazanan AB olacaq. Verilən bu müddət ərzində bə’zilərinin dediyi kimi, dinimiz əldən gedərmi?

- Avropa tərəfindən Türkiyənin öz tərəfinə çəkilməsini bə’ziləri Türkiyənin Avropa tərəfindən fəth edilməsi kimi görür: yadlar gələcək, torpaqlarımızı tutacaqlar... Belələri milli mülahizələrlə bu cür şübhələrə düşürlərsə, buna gərək yoxdur, milli dəyərlərimiz onlardan vaz keçilməyəcək qədər ruhumuza işləmişdir. Biz onları öz dəyərləri ilə qəbul edirik, bizi də biz olaraq qəbul edərlərsə, bərabər olarıq. Əgər dini dəyərlərimizin dağılıb gedəcəyindən qorxuruqsa, unutmayaq ki, biz çox sınaqlardan keçmis bir xalqıq. Xalqımız bölgədəki başqa xalqlardan daha çox təhlükəyə mə’ruz qalmış, həddindən artıq kasıb yaşamış, dəyərlərimizdən uzaqlaşmış, bə’zən ayaqları köklərimizdən üzülmüş, ancaq gördüyünüz kimi hələ də millətin səksən-doxsan faizi öz tarixi dəyərlərinə, ruh və mə’na köklərinə sıx bağlıdır. «Ortaq Bazar» dedikləri dövrdə də, «Gömrük Birliyi» dedikləri dövrdə də, indi də xalqımızın nə milli, nə də dini dəyərlərindən geri addım atmayacağına əminəm, torpağı əldən vermək qorxusum da yoxdur.

- Sizcə, bu müddət ərzində hökumət nələrin altından qırmızı xətt çəkməlidir?

- Sualınıza ümumi mə’nada cavab verəcəyəm. Hökumət «bazarlıq etməyi» bacarmalıdır, oralara gedəndə təslimiyyətçi əhval-ruhiyyə ilə getməməlidir. AB-ə girmək əsas deyildir, əsas olan, ora daxil olarkən qazancımızın nə olacağı və nə olması lazım gəldiyini bilməyimizdir.

Onların öz aralarında planlaşdırıb qarşımıza qoyduqları strategiyalar yox, həmin bazarlığın içərisində bizim fikirlərimizə də yer verilməlidir. Orada oturanda da müştərək kimi və ya müştərəkliyə namizəd kimi oturmalı. Bazarlıqsız mücərrəd bir AB-ə daxil olmaq məsələsi Məxluqə Sultana aşiq olmuş gənclər kimi kor-koranə birinin arxasınca düşmək olar, özümüzü əldən salar, yarı yolda qalarıq.

Dövlətimiz təcrübəlidir... Bu qədər insanın günün günorta çağı yolu itirəcəyindən ehtiyat etmək də doğru olmaz. Onlar da fikirləşirlər. Tarixə bir qara ləkə kimi düşmək ehtimalının çox olduğu bir məsələdə kor-koranə hərəkət etməzlər.

Məsələnin bir tərəfinin açıq olmasını biz də öz xeyirimizə dəyərləndirməliyik. Qarşıda hələ on-on beş il var. Bu qədər uzun bir müddətdə nələrin olub-olmayacağı hələ bəlli deyildir. Bə’zi məsələlərdə biz hələ öz kəm-kəsirimizi görə bilmirdik. Bu məsələ gündəliyə düşən kimi Kopenhagen normativləri kimi ölçülərlə özümüzü bir də nəzərdən keçirmək imkanı qazandıq. Dünyəviliyi çək-çevir etdik, demokratiyanı çək-çevir etdik, cümhuriyyəti ələk-vələk etdik, kəsirlərimizi, qüsurlarımızı gördük. Yaxın zamanlarda qəbul edilmiş qanunlara baxsaq, demokratiya sahəsində çox geridə qaldığımızı deməyə məcbur olarıq.

- Ordu və əsgər. Bu anlayışlara olduqca ehtiramla yanaşırsınız. Haqqınızda oxuduqlarım və uzaqdan müşahidələrimə görə əskərliyi peşə olaraq ruhunuza daha yaxın hiss edirsiniz. Sizdə bunun qaynağı haradandır?

- Osmanlılar əsgər millətdir. Onu hətta militarist də adlandırıblar - əskərdə başlayır, əsgərdə də başa çatır, amma ürəklərdə haqqaniyyət və ədalət düsüncəsi olunca narahat olmağa heç bir əsas yoxdur. Heç bir zaman ictimai təşəbbüslərin qarşısı alınmamış, onlar əngəllənməmiş, baltalanmamışdır. Bir də bu var ki, bizim nəzərimizdə o, bir az da müqəddəsdir. Bədiüzzaman1, ona «Bayraqdar» deyirdi. Malik bin Nəbi2 də, «Əgər İslam aləminin şimal sərhəddində türk milləti olmasaydı, bu gün İslam dünyası olmazdı»,-deyir.

Bu, bir tərəfdən atlı, silahlı, qalxanlı qəhrəman əskərlər sayəsində olmuşdur. Dolayısı ilə biz məsələyə bir ruh olaraq, mə’na olaraq, bir mə’nəvi şəxsiyyət kimi baxırıq və ona hörmətlə yanaşırıq. Haqq, sözün həqiqi mə’nasında ədalət olan yerdə olmuşdur. Halbuki, elə dövrlər də olmuşdur ki, eyni həssaslıq və incəlik qoruna bilməmişdir. Bu cür sui-istifadələr millətin ondan çox şey gözlədiyi həmin o mə’nəvi şəxsiyyətə qara yaxmaq üçün bir vasitəyə çevrilərsə, müəssisə heç olub gedər. Bir islahat aparılacaqsa, onlarla görüşüb məsləhətləşərək aparılmalıdır. Ordudakı insanların hər biri şəhidliyə namizəddirlər, çoxları da qazidir. Onların arasında bu gün çox sayda sağ olan, lakin əlil və şikəstlər vardır. Bunları nəzərə alaraq həqiqət naminə orduya və əsgərə bu cür baxmaq və ona hörmət bəsləmək lazımdır. Dövlətin sarsılmaması, dövlət sirlərinin faş edilməməsi məsələlərinə nə qədər həssaslıqla yanaşırıqsa, onun mühüm bir parçası olan bu müəssisə haqqında da eyni dərəcədə həssasıq.

- «Ara-sıra medyada «Gülən camaatı ilə əlaqəsi olduğuna görə ordudan xaric edilənlər» deyə xəbərlər çıxır. Bu barədə nə deyə bilərsiniz?

- O müəssisənin əsgərliyə qəbul edəndə özünəməxsus ölçüləri olduğu kimi, ordudan xaric edərkən də istinad etdiyi ölçüləri vardır. Bu məsələyə də hüquqi bir don geyindirilməlidir. Möhtərəm Süleyman Dəmirəlin bir bəyanatı vardı: «Elə dövrlər vardır ki, o dövrlərə satqınlıq dövrü deyirlər». Bundan yaxa qurtara bilməsəniz, satqınlıq baş alıb gedər. Məsələn, əgər kiminsə bir başqasına görə dalağı sancırsa və onun ordudan uzaqlaşdırılmasını arzu edirsə, şəxsi işinə «filançı» yazması kifayətdir. Belə bir şey vardırmı, yoxdurmu, doğrudan da belə bir «-cı», «-cu» varmı, yoxmu, ona məhəl qoymadan dərhal bunu onun alnına yapışdırırlar. Belə olanda da hər kəs kimə istəsə damğa vura bilir...

Onlar hansı səbəbə görə ordudan xaric edilmişlərsə, yaxşıca araşdırılmalı, hüquqi qərar verilməlidir. Bir də, təhlükəsizlik orqanları ordudan uzaqlaşdırıldıqdan sonra da olsa, bu adamlarda belə bir şeyin olub-olmadığını yoxlamağı davam etdirsə, yaxşı olar.

- Ordu içində sizi sevənlər vardırmı?

- Bə’zi adamlar məni sevə bilərlər, bu barədə bir şey deyə bilmərəm. Bir dəfə birindən eşitmişdim, təqaüdə çıxmışdı, bir yerdə rastlaşdıq. «Mən sizin və’zlərinizi dinləyirdim. Tabeliyimdə olan və tabeçiliyində olduğum çox sayda adamlara da dinlətdim».

Zənnimcə hər məsləkdən adamlar arasından məscidə də, konfranslara da gələnlər, qulaq asanlar olmuşdur. Türkiyədə dinləməyən çox azdır. Dinləməyə dəyərmi, dəyməzmi, bu ayrı məsələdir. Dinləyənlərə, hətta maqnitofona yazanlara da «əbəs yerə vaxtınızı sərf edirsiniz»,-demişəm. Onlardan biri, «Qara qaşına, qara gözünə heyran deyiləm. Sənin vəzifən danışmaqdırsa, mənimki də bunları qeyd etməkdir»,-deyə cavab vermişdi. Bunlara heç nə deyə bilmərəm ki! Mən ancaq «Hökm çıxarmaqda xətaya yol vermişlər», deyərəm. Hökm çıxarmaqla əlaqədar xətaları düzəltmək isə mənim vəzifəm deyildir.

Zənnimcə kimsə qəsd-qərəzlərini həyata keçirmək üçün bundan istifadə edir. Ümid edirəm ki, bu müəssisə aparacağı islahatlarda daha sağlam nəticələrə vara biləcək bir qism şeyləri təkmilləşdirər. İntizamsızlıqdırmı, əmrə itaətsizlikdirmi, nədirsə, bunlar lazımınca təhqiq edər, öyrənər. Son zamanlarda da eşidirik, adı sui-istifadələrə qarışmıs, çalıb-çapmış və bu işlərinə görə ordudan uzaqlaşdırılanlar barəsində xəbərlər verilirdi. Amma gəl ki, o cür şeylərə bə’zən əhəmiyyət verilmir. İşi böyütmək üçün «filançı» demək kifayət edir. Ordudur, əsgərdir, bunlar komandirlərinə bağlıdırlar. Bunların içində filançı-behmançı olmaz.

- Daxili işlər orqanlarında və Silahlı Quvvələrdə təşkilatlanma vardırmı, yoxsa yox?

- Bilmirəm mən burada ola-ola necə təşkilatlana bilirəm, bunu necə edirəm? Bunu onların araşdırması lazımdır. Kimdir o təşkilatın üzvləri? Tapıb üzə çıxartsınlar. Bir vaxt «daxili işlər orqanlarında təşkilatlanma» adı altında çıxarılan bir siyahı var idi. Sonra mə’lum oldu ki, adı siyahıda yazılanların hər biri fərqli, bir-birinə zidd dünyagörüşlərinə malik adamlardırlar. Deməli, yenə də kiminsə başqa birisinə qarşı dalağı sancıbmış. Mənafe qazanmaq, bunun üzün də başqalarına qara yaxmaq məqsədilə masa başında onun haqqında siyahı tərtib ediblərmiş.

O ki qaldı orduya, orada necə təşkilatlanacaqsan ki? Hesab edək ki, həmin insanlar ordunun içindədirlər, başlarında da cümhuriyyətin, dünyəviliyin, demokratiyanın təmsilcisi olan zabitlər, insanlar vardır. Onlar hər hansı bir təşkilatlanmağa imkan və fürsət verərlərmi? Ağıllarında, hisslərində, düsüncələrində belə bu cür şeylərin meydana çıxmasına imkan verməzlər. Sözün düzü, bunu başa düşməkdə çətinlik çəkirəm.

- Ətrafınızdakılara heç «Bu məktəbləri ələ keçirək», deyə təklif etdinizmi?

- Bir zamanlar ümumxalq qarşısında, məscid minbərlərindən dediyim bə’zi sözlər oldu. Məsələn, dedim ki, niyə təkcə «Qur’an kursları» deyirsiniz? Niyə uşaqlarınızı «İmam xətib»lərə* qoymursunuz? Elə gün də oldu ki, belə dedim: «Uşaqlarınızı nəyə görə yalnız «imam xətib»lərə verirsiniz, nə üçün başqa liseylərə göndərmirsiniz? Nə üçün universitetdə oxumağa, əsgərliyə buraxmırsınız?

Dedim bunları. Açıq-açığına dediyim bu sözlərə görə indi məndən nə istəyirlər, başa düşmürəm? İndi durub qəzetdə, televiziyada e’lanmı verim, «Ay camaat, bir zamanlar sizə bunları-bunları demişdim, indi sözlərimi geri götürürəm. Amandır, başqa liseylərə uşaqlarınızı qoymayın. Mülki, ədliyyə, hərbi məktəblərdə uşaqlarınızı oxutmağı qətiyyən ağlınıza gətirməyin. Sizdən başqa kim uşağını oralara qoyursa, qoysun»mu deyim?

Məni məsciddə və konfrans kürsülərində dinləyən insanlara bu hisslərimi açıq-aydın olaraq ifadə etmişəm. Əgər bə’zi tək-tək adamlar maraq göstərib uşaqlarını buna yönləndirdilərsə, «mən o məsələdə düsüncəmdən vaz keçirəm», deyə bilmərəm ki!

- Bunları məscid minbərlərində dilə gətirəndə nə gözləyirdiniz?

- İstəyirdim ki, Anadolu insanı həyatın bütün sahələrində olsun. Niyə də olmasın? Nədən qorxurlar?

Bir zamanlar övladlarını oxutmaq istəmirdilər, «Elə «Qur’an» oxusun, bəsdir»,- deyirdilər. Hələ belə adamlar ölkənin Şərqində, Cənub-Şərqində yenə də vardır. Yaxın zamanlarda televiziyada xəbərlərin birində eşitdim ki, bir kaymakam** ev-ev gəzib ailələri dilə tutur, qız uşaqlarını öz maşınında məktəbə gətirib-aparır. Bu cür münasibət dövlətin də ümumi siyasətidir: siz yalnız Qur’an kursunda oxutduracaqsınız. «İmam xətib» liseylərinin və ilahiyyat fakültələrinin çoxluğundan bəhs edilməyə başlandı. Niyə təkcə müəyyən məktəbləri seçirsiniz, başqa məktəblərə qoymursunuz? Bir vətəndaş nəyə görə uşağını Türkiyədəki istədiyi məktəbə qoymasın ki? Bu mənim haqqımdır və ya deyildir, amma mən bunu cəmiyyətə qarşı bir vəzifə kimi gördürüm və belə də ərz etdim. Əgər doğrudan da səhvdirsə, biri dursun, «səhvdir»,-desin...

Axırıncı təzələmə ( 29.06.2007 )
 
< Qabaqkı   Sonrakı >

Qürbətdəki müəllim M.Fəthullah Gülən

Fethullah Gülen Web Siteleri