|
Həyatı tənzim edib bir nizama qoymaq, bəşər övladının cəmiyyət halında xoşbəxtliyini təmin etmək Allaha imandan sonra həşrə, yəni ölümdən sonrakı həyata inanmağa bağlıdır.
Əməllərinin hesabını verəcəyinə inanmayan bir adamın həyatının doğru-düzgün olduğunu düşünmək mümkün deyildir. Bunun əvəzində, atdığı hər addıma görə o biri dünyada Allaha hesab verəcəyi fikrini başından çıxarmayan, hər davranışı bir hesabın ifadəsi olan, hər dediyi və eşitdiyi sözü, qəlbinin hər titrəyişini o biri aləmdə Allaha hesab vermə havasına görə həssaslıqla ölçüb-biçən adamın həyatı isə olduqca nizamlı-intizamlı bir şəkil alar.
”Nə işdə olsanız, “Quran”dan nə oxusanız və nə iş görsəniz, biz mütləq içinə daldığınız an üzərinizdə şahidik (nə iş gördüyünüzü görürük). İstər yerdə, istər də göydə zərrə qədər də olsa ağırlığı olan bir şey, Rəbbin(in bilgisin)dən uzaq deyildir. Nə bundan kiçik, nə də böyük heç bir şey yoxdur ki, hamısı apaçıq bir kitabda (Allahın bilgisinin nəqş edildiyi yazıldığı Lövhi-Məhfuzda)2 olmasın... (Allahın bilgisi hər şeyi əhatə etmişdir. Onun bilgisindən kənarda qalan heç bir şey yoxdur. Hər hadisə ancaq Onun bilgisi və icazəsi ilə olur.)” (Yunis, 10/61)
Yəni bütün davranışlar və hərəkətlər kərim mələklər tərəfindən təsbit edilir. Böyük, kiçik, gizli və açıq olsun, bizim kiçik, Allahın böyük gördüyü, yaxud əksinə, bizim böyük, Allahınsa kiçik gördüyü - necə hesab edirsiniz, edin, - hər əməlimiz qeydə alınır, hər şeyimiz əməllərimizi izləyən gözətçilər, onları yazanlar və hər əməlimizin haqq-hesabını tələb etmək üçün “DƏYYAN”3 olan Allah hazır və nazirdir. Belə bir ruh və şüur içərisində yaşanan həyat müstəqimdir,4 bu ruh və şüur içində yaşayan fərdlərin təşkil etdiyi cəmiyyət xoşbəxtdir və yenə də bu ruh və şüur içində olan ailə ocağı, cənnət bağçalarından bir bağçaya çevirmiş ailədir. Bəli, bəşər övladının çılğınlıqlarını tərgidə bilməsinin yeganə bir yolu vardır ki, o da öldükdən sonra diriləcəyinə inanmasıdır. Gəncliyin çılğınlıqlarının, çirkin əməllərinin qarşısını alacaq, yavaş-yavaş ölümə doğru gedərkən hər addımda yeni bir çətiliklə qarşılaşan və ümidini itirən ixtiyarlara ümid qaynağı olacaq, hər an səadət çırağını və şölələrini alovlandıraraq uşaqların müqavimətsiz qəlblərinə işıq salacaq bir vasitə varsa, o, yalnız həşrə iman, öldükdən sonra diriləcəyinə inamdır. Cavandan qocaya, qadından kişiyə, adildən zalıma, hamıya həşrə inanmaq içdiyi su, tənəffüs etdiyi hava qədər ehtiyacdır. ”Həşrə iman“ deyilən bu şərbəti içmək, eyni zamanda xoşbəxtliyi də qurtum-qurtum içmək deməkdir. Buna görə də bəşər övladının sulh və əmin-amanlığı üçün çalışan və ona səadət bəxş etməyi özünə qayə edən bütün fikir adamlarının məsələni bu baxımdan qiymətləndirməsi lazım gəlir. Fərdin, ailənin, cəmiyyətin və bütövlükdə bəşəriyyətin həqiqi rifah, səadət və xoşbəxtliyə qovuşa bilməsi ancaq və ancaq böyüklü-kiçikli bütün əməllərinin haqq-hesabının çəkiləcəyi bir axirət yurdunun varlığına inanmasına bağlıdır. “Qur’an-i Kərim”: “Artıq kim zərrə ağırlığı qədər xeyir iş görmüşsə, əvəzində onu görər və kim də zərrə ağırlığı qədər şər iş görmüşsə, onu görər. (İnsana əməli göstərilər, insan əməlini görər.)” (“Zilzal,” 99/7-8) deyərək, zərrə qədər xeyirli iş görənlərin öz mükafatını və zərrə qədər şər işləyənlərin də öz cəzasını alacağını elan edir, insanlara bu məsuliyyət duyğusunu aşılayır. İnsanlar bu iman və inanca sahib olduqdan sonra, artiq ona “istədiyini et!” deyə bilərsən. Çünki hadisə və reallıq görülən hər əməlin əvəzini eyni ilə görəcəyi qətiyyətini ifadə edir. Belə anlayışa sahib olan insanın alnı açıq, üzü ağ olacaqdır, çünki o, onu o biri aləmdə peşiman və başıaşağı edəcək işlər görməyin lüzumsuz olduğunu hiss etmişdir. uşaq - o zəyif, incə ruh sahibi olan varlıq öz həyatında ancaq həşrə iman ilə xoşbəxtlik tapa bilər. Hər kəs öz uşaqlığını bu baxımdan tədqiq etsə və xəyalən uşaqlıq anlarına getsə, bu hökmü təsdiq edəcəkdir. Bəli, uşaq incə bir qəlbə sahibdir, eyni zamanda da hələ hadisələrin mahiyyətini təhlil etməklə nəticəyə varacaq bir zəkaya sahib deyildir. Bir yandan da o, böyüklərı kimi, başını əyləncəyə qatmaqla ölümü unuda da bilmir. Ona görə də ölüm qorxusunu yaşlılara nisbətən daha dərindən hiss edir. Onu əhatə edənlərin hər an bu dünyanı tərk edib getməsi özləri ilə bərabər onun daxili aləmindən də bir parça qoparıb aparırlar. Anası, atası vəfat edən bir uşağın dünyası isə tamamilə dağılır. Belə birisində onun ruh aləminə işıq salan bütün ulduzlar sönür və vıcdanının səması qaranlığa qərq olur. Bütün bunları vicdanı olan hər kəsin hiss etdiyini demək olar. uşaqlıq vaxtımda bir qardaşım ölmüşdü. Hər dəfə onun məzarna gedəndə əllərimi açar, “Allahım, nə olar, onu dirilt də, onun gözəl üzünü bir dəfə də görüm!”-deyib yalvarardım. İndi bu halətdə olan, mən və mənim kimi minlərlə başqalarının qəlbindəkı öldükdən sonra dirilmə inamını silsən, könlündən bu imanı çıxarıb atsan, bu yanan qəlbə və fəqan edən könülə nə ilə dərman edəcək, bu yanğını necə söndürəcəksən? Xeyir, xeyir, heç bir şeylə onun dərdinə dərman olmanız və atəşini söndürməniz mümkün deyildir. Bu böhranlar və sıxıntılar arasında qıvranan uşağın qəlbini yalnız Həşr əqidəsi sakitləşdirər, ona rahat nəfəs aldırar. Bəli, yaxınlarının bir-bir həyatdan getməsini görə-görə, yalnız onların Cənnətə getdiklərinə inamın var olması körpə uşağa təsəlli verər, onu bu dözülməz dərddən azad edər. Kiçik yaşda olsa da, alışdığı, müsahiblik etdiyi bir yaxın adamını, valideynlərindən birinin, yaxud onsuz heç nə edə bilməyəcəyi başqa bir yaxınının dünyadan köçüb getməsi onun nazənin qəlbində sağalmaz yaralar açır. Bu elə bir yaradır ki, ona yalnız bu düşüncələr məlhəm ola bilər: ”Buradan getdi, yaxud buradan aparıldı, lakin orada Allah ona Cənnət qapılarını açdı. İndi o, cənnət bağçalarında quşlar kimi qanad çalıb uçur. Əgər mən ölsəm, mən də onun kimi pərvaz edəcəyəm.” Əgər vəfat edən böyüklərindən biridirsə, o zaman belə düşünəcəkdir: ”O öldü, başqa bir aləmə getdi, amma orada da məni qucağına alıb oxşayacaq, başımı tumarlayacaqdır.” Bəli, yalnız bu düşüncələr ölümün onda açdığı firqət və ayrılıq gədiyini örtür və onun qanayan yarasına məlhəm olur. Xoşbəxtlik axtarırsınız? Onu nə dörd bir yanda tüstüləyən zavod boruları ilə, nə də planetlərarası səfərlər təşkil etməklə qazana bilməzsiniz. Həqiqi səadət yalnız bu iman və inanca bağlı olan səadətdur. Bəli, yalnız öldükdən sonra dirilmə əsasları üzərındə qurulmuş bir səadət həqiqi səadət olar. İxtiyar qocalar... addım-addım ölümə yaxınlaşan qocalar... Qəbir əjdaha kimi ağzını açıb onları gözləyərkən və onlar da sürətlə ona dogru yaxınlaşarkən nə ilə təsəlli tapa, özlərini nə ilə sakitləşdirə bilərlər? Hər gün güzgüdə seyr etdikləri ağ saçlarının qəlblərində doğurduğu ürək sıxıntısını nə ilə özlərindən kənarlaşdıra bilərlər? Bu halın əmələ gətirdiyi ruhi kəsirin yerini nə ilə doldura bilərlər? Bu yaşa gələnəcən övladdan, nəvədən, dostdan və yaxınlarından o biri aləmə yola saldıqlarının qəlbində buraxdığı yaraların izlərini necə və nə ilə silə bilərlər? Gəncliyin, sağlamlığın, vəzifə və mənsəbin əldən çıxması və bu gedişlərin onların ürəklərinə saldığı qorxunc izlər varkən, siz bu halları ilə onlara necə təsəlli verə biləcəksiniz? Onlara verdiyiniz hər cür maddi təsəlli ayrılıb gedən kimi onların ürəklərində yenidən qorxunc izlər buraxacaq və bu həmişə belə davam edəcəkdir. İndi ki belədir, bütün insanlarla bərabər ixtiyarları da xoşbəxt edə biləcək yeganə çarə vardır: öldükdən sonra diriləcəklərinə inanmaq! Bir müddət sonra ağzını əjdaha ağzı kimi açmış, onu hər an udmaq üçün güdən dəhşətverici qəbrin o biri aləmə gedən dəhlizin sadə, adi bır qapısı olduguna inandırmaq! Oranın cənnət bağçalarına gedən yolda gözləmə zalı kimi olduğunu göstərmək! Rəhmət və qufranın5 dalğalandığı bır məkan olaraq tərif etmək!. Bax, ona bütün bunlar təsəlli mənbəyi olacaqdır. “Qur’ani-Kərim” Zəkəriyyənin (əleyhissalam) dili ilə: “Rəbbim,-demişdi,-mənim sümüklərim gövşədi; başım ixtiyarlıq alovuna büründü. Rəbbim, Sənə dua etməklə heç bir zaman bədbəxt olmadım (hər dua etdikcə, qəbul buyurdun, məni istədiyimdən məhrum etmədin)” (“Məryəm,” 19/4) deyərkən və ardınca da Onun xeyirli bir övlad istədiyindən bəhs edərkən dünyadan köçüb getməyə hazırlanmış bir insanın fəryadını ən gözəl bir şeir ahəngi ilə təsvir edir. Ruhda meydana gələn bu fəryadı bənzərsiz bır şəkildə izah etmək və dilə gətirmək yenə “Qur’an”ın möcüzəvi yönlərındən biridir. hər şüurlu insan vicdanının səsini eşidəndə və qəlb dodaqlarındakı acı təbəssümü sezəndə ruhunda qopan belə bir fəryadı bütün dəhşəti ilə hiss edəcəkdir. Lakin bu halında ona təsəlli ola biləcək və ruhunda qopan bu fırtınanı sakitləşdirə biləcək yeganə çarə yenə axirətə iman olacaqdır. Bu inanç və iman, onun qulağına həyatverici səsi ilə sanki bunları pıçıldayır: “Həyatını başa vurdun. Vəzifəni yerinə yetirdin. Səni bu dünyaya göndərən Rəhməti Sonsuz səni bu çöllərdə daha məhv etməyəcək və səni hüzuruna alıb sənin üçün hazırladığı nemətlərini sənə bəxş edəcəkdir...” Bəli, bu və bu mənanı verən müjdələrdir ki, ixtiyar qocaya həqiqi səadəti tanıdacaq və onu xoşbəxt edəcəkdir. Çünki, o, əsl vətəni olan axirət aləminə getməyə hazırlaşır. İctimai həyatın böyük bir qismini gənclər təskil edir. Təcavüzkar və həyatları çirkin əmllərlə dolu olan gənclər həyatı cəhənnəmə çevirirlər. Digər tərəfdən də səhabələr kimi həyatlarından nur fışqıran, simaları onlara baxanlara səadət bəxş edən, bütün davranışları ilə Allahı xatırladan, baxışlarında Cənnət parlayan gənclər də həyatı başdan-başa bir Cənnətə çevirirlər. Bəli, gənclər həşrə inanmaqla həqiqi mənliklərini qazanarlar. Di gəl ki, könül və beyinlərindən həşr əqidəsi və öldükdən sonra dirilmək duyğusu silinib atıldıgı zaman da bəşər övladının bədbəxtlik qaynağına çevirirlər. Əgər bu gün insanlıq səadətdən məhrumdursa, həyatının hər səhifəsi çılğınlıq və sayıqlamalarla dolu olan gənclıyi ilə məhrumdur. Pedaqoqlar və tərbiyəçilər ”buna çarə etməliyik“, deyə yaranı müəlicə etməyə çalışarkən onu daha da dərinləşdirmiş və sağalmaz hala salmışlar. Halbu ki, bu yaranın dərmanı öldükdən sonra diriləcəyinə inanmaqdır. Yalnız həqiqi çarə gəncliyin hər addımını Allah qarşısında hesab verəcəyinə inamla atmasını təmin etmək və onları bu şüurla yetişdirməklə mümkün olacaqdır. həz. Ömər (r.a..)6 məscidə gedirdi. Qarşısında sürətlə, tələsik addımlarla məscidə tərəf gedən bir uşaq gördü. Addımlarını sürətləndib uşağa yaxınlaşaraq soruşdu: - Ay uşaq! Sənə namaz fərz deyil. Nə üçün belə həyəcanla və tələsə-tələsə məscidə gedirsən? uşaq ona yalnız bu cavabı verdı: - Ey mömınlərın əmiri! Dünən məhəlləmızdə bir uşaq öldü!.. Budur istiqamətin səbəbi və istinad nöqtəsi, budur həyatı yalnız və yalnız hər şeyin görülüb bilindiyi, təsbit edildiyi və əməllərinin haqq-hesabının hazırlandığı bir günə görə tənzim etmək. Kainatdakı bütün hərəkət və hadisələrin külli iradə ilə tənzim edılməsinin qarşılığında isə insan, həyatını öz iradəsilə istiqamətləndirmə məcburiy-yətində və mükəlləfiyyətindədir. Elə bu iradənin haqqının ödənilməsi nəticəsində də Allah Rəhmaniyyəti və Rəhimiyyəti7 ilə insanın, bütün cismani arzularına cavab verəcək, huri, gılman və indiyədək görmədiklərimizlə dolu cənnətlər verəcəkdir. Beləliklə, iradə Rəhmaniyyət və Rəhimiyyətin təcəllisidir. Cənnət də Rəhmaniyyət və Rəhimiy-yətin təzahür formasıdır. Burada insan Rəhmaniyyət və Rəhimiyyətin lüzumu olan iradədən yaxşı istifadə etdiyi zaman onun səmərəsini yenə Rəhmaniyyət və Rəhimiyyətin təzahürü olaraq görür. Bəli, həyatın axirətə görə tənzim edilməsi və sirlərin aşkara çıxacağı günün yaddan çıxarılmaması sayəsində həm fərd, həm ailə və həm də cəmiyyət səadətə qovuşacaq və xüsusilə, gənclər onlara lazım olan yolu tutacaq, nizam və intizam altında yasayacaq, başqalarının həyat səadətini də pozmayacaqlar. Səhl b. Sa’d (r.a.) nağıl edir: “Allah Rəsulunun (səs)8 yanına gəlib Ona evinə qapanaraq günlər uzunu ağlayan bir gəncin halından, vəziyyətindən xəbər verdilər. İki Cahan Sərvəri qalxıb onun evinə getdi. İçəri girən kimi gənc sevinclə yerindən sıçrayıb özünü Allah Rəsulunun (səs) qolları arasına atdı və... az keçməmiş qolları arasından sürüşərək Onun ayaqlarının altına düşdü. Gənc vəfat etmişdi. Rəhmət Nəbisinin (səv) gözləri yaşardı və dodaqlarından bu incilər töküldü: - Yoldaşınızı dəfn üçün hazırlayın. Cəhənnəm qorxusu onun ödünü qopardı. Nəfsim əlində olan Allaha and içirəm ki, Allah onu cəhənnəmdən qoruyacaqdır.”9 “Amma kim Rəbbinin mərtəbəsindən, (Onun hüzurunda duracağı andan) qorxar və nəfsi pis şeylərdən qoruyarsa, (onun üçün) gediləcək cənnət var.” (“Nəziat”, 79/40-41)
Rəbbinin hüzuruna çıxıb hesab vermə qorxusu daşıyan və həyatını bu hissə görə tənzim edən insan Rəbbinin hüzurunda əmin-amanlıq içərisindədır. Çünki bır qüdsi hədisdə Sonsuz Rəhmət sahibi bu müjdəni verir: “İki əmniyyəti və iki qorxunu birlikdə (eyni vaxtda, bir yerdə) vermərəm.”10 Burada qorxan orada əmniyyəti əldə etmişdir. Gəncliyin çılğınlığının qarşısını alacaq bu düsturdan başqa sizə başqa bir şey məlumdurmu? İnsanı qoruyacaq bir çənbər və bir çevrə məlumdurmu? əgər verəcəyiniz cavab mənfidirsə, müsbət mənada bir hal safhasına11 girmiş olacaqsınız. Bütün tərbiyəçi və pedaqoqlar bu həqiqəti dinləməli və bu düsturu həyatda tətbiq etməlidirlər. Gənclik hər şey deməkdir. Bir haqsızlıq qarşısında kükrəyən gənci görən həz. Ömər (r.a.): “gəncliyi olmayan bır millət məhvə düçardır” sözlərində ifadə etdiyi mənaya görə məsələyə baxmalı olsaq, ali duyğularla mücəhhəz12 olan gəncliyin cəmiyyət həyatının həyatı olduğu hökmünə vararıq. belə bır millət yeni-yeni mədəniyyətlər qurmaq istedadına sahibdir. Bunun əksi isə hökmün də əksidir. Elə isə, bir millətin yüksəlişindəki ən mühüm faktor da gənclikdir, amma, axirət inancı ilə dopdolu bir gənclik. Sözün kəsəsi, inanan insanlar xoşbəxt bir dünya quracaq və yalnız imanı olanlar səadət dolu bir həyatla yaşamaq haqqına sahib olacaqlar... Gənclik bir xalqı batırar da, qaldırar da. Xalq gəncliklə ya can qazanar, ya da can verər. Bəşər övladının böyük bır qismini xəstələr, məzlumlar və müsibətlərə düçar olanlar təşkil edir ki, bunların da ruhunda həşr əqidəsinin böyük təsiri vardır. Xəstə hər an ona yaxınlaşan ölümə və hər gün daha da az məsafə qaldığı qəbir qapısını o biri aləmə açılan bır yol kimi görməklə ümid tapar. İşdir, əgər qəbri səadatə gedən bir yol və əbədiyyətə aparan bır vasitə kimi görmürsə, xəstə heç bir zaman məsud ola bilməyəcəkdir. O, sancılarına, baş və bel ağrılarına, xərçənginə, qanqrenasına qarşı təsəllini bununla tapır və arabir ənsəsındə hiss etdiyi həz. Əzrayılın pənçəsinin ruhunda əmələ gətirdiyi iztiraba ancaq bu inançla dözə bilər. “Bəli, mən gedirəm, məni burada heç kəs saxlaya bilməyəcəkdir... Ancaq əsil səhhətimə, əbədi gəncliyimə qovuşacağam, çünki mən hamının mütləq gedəcəyi bir yer olan Allahın yurduna gedirəm,”- deyərək xəstəliyini unudacaq, təsəlli tapacaqdır. Buna görə də, əhlullah13 ruhunu Allaha təslim edərkən Dosta qovusmanın təbəssümü dodaqlarında gönçə kimi açmış və onlar ruhlarını bu cür təslim etmişlər. Nəbilər Nəbisı (səs) son anında əllərini Həz. Aişənin əllərindən çəkir və “Allahım, artıq o biri dünyanı istəyirəm,”14-deyirdi. Bundan bir gün əvvəl də belə buyurmuşdu: “Allah bir quluna ya dünya nemətlərini, ya da öz yanında olanlardan birini seçməkdə istədiyi qədər sərbəstlik verdi. Qul, Allahın yanında olanı seçdi.”15
Dünya ilə axirət arasında sərbəst seçim hüququ alan qul O, özü idi. Məsələnı anlayan səhabə göz yaşlarını saxlaya bilməmişdi. O, əlini Həzrəti-Aişənin əlindən çəkir və Rəfıqi-Alini16 istəyirdi. eyni şəkildə Həz. Ömər kimi bir yüksək şərəf sahibi olan insan da bir xarabalıqda başını yerə qoyur, “Allahım, bu mükəlləfiyyəti mənim çiyinlərimdən götür, artıq onu daşıya bilməyəcəyəm,”-sözləri ilə o biri aləmə olan istəyini dilə gətirirdi. Onlara bu sözləri söylədən bir axirət inancı, minlərlə gözəlliyin təcəlli edəcəyi axirət yurdu və bunların da vərasında,17 Camali-Baqini (Əbədi olan Camalı) görmək istəyi və arzusu idi ki, bunları dedirdir və içlərində bu arzunu oyandırırdı. O ki, qaldı irzini, namusunu qəddar zalımın əlindən qurtara bilməyən, intiqam hərisliyi ilə yanıb qovrulan məzluma... o, ancaq, zalımın yaxasını Allahın əlinə verəcəyi günü və burada çəkdiklərinin əvəzində axirət yurdunda ona bəxş ediləcək mükafatları düşünməklə təsəlli tapar. Çünki məzlum qəti olaraq bilir ki, burada çəkdiyi zülmlər zalımda qalmayacaqdır... Bir Ali Məhkəmə başlayacaq, hər şey bütün incəliklərinədək hesaba çəkiləcək; zalım cəzasını, məzlum isə mükafatını alacaqdır. “Beləcə, Rabbin, zalım şəhərləri yaxaladığı zaman belə yaxalar. Çünki Onun yaxalaması, çox acı və çox çətindir.” (“Hud”, 11/102)
Yəni Allah zalım bir qəsəbəni bir kərə yaxaladımı, yaman və bərk yaxalar. Artıq onu salamat buraxmaz. Bəli, məzlum canını əlindən qurtara bilmədiyi zalımdan və qoluzorludan intiqamını ancaq bu şəkildə alır və təsəlli tapır. Müsibətlərə düçar olanlar... Səmavi və ya yer üzərinə aid musibətlərə məruz qalmışlar, bağını-bağçasını dolu vurmuşlar, sel aparmış, evi zəlzələdə başına uçmuşlar, qurduğu ömür yuvaları xaraâb olmuşlar, ailə və yuvası ilə dərbədər olmuşlar və bunlara bənzər bütün müsibətzadələr də ancaq öldükdən sonra dirilməyi düsünməklə təsəlli tapırlar. Çünki bu inanca görə müsibətlər nəticəsində əldən gedən mal sədəqə olur, can isə onu şəhidlik mərtəbəsinə yüksəldir. Elə bu düsüncə ilə də o biri aləmdə rahatlığa, səadətə qovuşurlar. Digər tərəfdən, ailə yuvası axirətə iman ilə cənnət bağçalarından bır bağça şəklinə düşərkən, bu iman silinib atılanda da Cəhənnəm çuxurlarından bir çuxur açılır. Uşaq dini duyğu və yaşayışdan uzaq, gənc arzu və həvəslərinin hayında, ölümü gözləyən xəstə isə öz iztirabları içərisində qıvranan vəziyyətdə olan bu xanə, hələ bu dünyanın insanları onun sakinləriykən bayquşların ulaşdığı bir xarabadan fərqli deyildir ki! Çöhrələr qaş-qabaqlı, sifətlər məhkəmə divarı kimi soyuq və işin daha pisi, bunlardan qaçarkən özündən uzaqlaşma və əyləncələrlə özünü uyutma zavallılığı... Bax, belə bir xanəyə səadətin girməsi ancaq həşrə və öldükdən sonra diriləcəyinə imanla mümkündür. Əgər yeddidən yetmişə hər kəsi xoşbəxt etməyi düşünürsünüzsə, bütün könüllərə həşr əqidəsinı yerləşdırməyə çalışın... Çünki yalnız bu zaman gənclər nizam və intizama tabe olacaq, uşaqlar nadincliyi, yaramazlığı tərgidəcək, yaşlılar cənnət səyyahları kimi xoşbəxt yaşayacaq və o xanənin içində səadət şimşəkləri çaxmağa başlayacaqdır. Hələ axirətə qədəm basmamış, o xanədən axirətə aid mənalar tərənnüm ediləcək və bunların nəticəsındə də hələ dünyada ikən həyat cənnətdəkini xatırladacaqdır. Şəhər və məmləkət də insanın böyük evidır. İçindəki gənclər nəfslərinə tabe olan kölə, ixtiyarları bədbin və qaraqabaq, zalımlarınsa məzlumların nalələrini ney kimi inildətdiyi bir dünyada heç vaxt səadət ola bilməz. belə bır dünyada şəhərlər də, məmləkətlər də, millətlər də bədbəxtdirlər. Çünki səadəti meydana çıxaracaq əməllər yerinə yetirilməmişdir. Bir namazın namaz ola bılməsi üçün müəyyən əsas təşkil edən mərhələlər vardır və namaz onların huşu18 içərisində yerinə yetirilməsi ilə mükəmməllik zirvəsinə çıxır, insanda namazı ilə meracın19 şirin təbəssümünü dodaqlarında hiss edir. Bəzən insan elə bir an yaşayar ki, bu an min illik ömür qədər dəyərli olur. Eyni ilə bunun kimi, məmləkət və millətlərin bütövlükdə xoşbəxt olması üçün onu əmələ gətirən toplumların xoşbəxtliyi, səadəti təmin edən əsaslara tam mənası ilə uyğunlaşsınlar. İdeal bır şəhər və məhəllə, ancaq ideal bır sistem ilə qurula bilər. Qoy Platon öz “Cümhuriyyət”ində bunun xülyasını yaşasın!.. Xəyalpərəst Fərabi “əl-Mədinətü’l-Fəzilə“sində bunu çərçivələməyə çalışsın. Bunlar heç bir zaman bu ideal məhəlləni reallaşdıra bilməyəcəkdir. Çünki onu əmələ gətirən əsaslardan məhrumdurlar. Bəli, həyatda səadəti təmin edəcək ən böyük əsas, həşr əqidəsinə inanmaq, dünyanı kiçik görüb axirəti ümidlə gözlədən şüur və anlayışı verə bilməkdır. Müvazinət insanı olan Peyğəmbərimizin (səv) gördüyü işlərin ən mühümlərindən biri də dünya nizamını “axirətdə hesab vermə” əqidəsinə istinad edərək qurmasıdır. Bu həyat bir baxımdan axirətin müqəddiməsı, axirətə hazırlayıcı bir tarla və insanın qəlbində axirət şöləsinin və alovunun yandırılması üçün verilmiş bir fürsətdır. Ona görə də buranı “yövmüd-dünya”,20 ö büri tərəfə də “yövmül-axır”21 adlandırıblar. Bu dünyadakı hər əməl gələcəkdə doğulacaq o büri dünya üçün hazırlanmış olacaqdır. Beləliklə də Allah Rəsulu (səs) bütün könüllərə sərin su səpəcək və idrak şöləsini alışdıracaq hər kəsə bu dərsi vermişdır. Könüllər axirət inancı ilə elə dolmuş, səhabə nəzərində dünyanı o qədər kiçiltmişdi ki, sanki, gözlərini dünyadan çəkmişdi. İcazənizlə onlardan sizə bir misal verim. Rəvayəti məna etibarı ilə tərcümə edərək təqdim edirəm: Allah Rəsulunun (səs) hüzuruna aralarında bölünəcək bir maldan iddiaçı olan iki nəfər gəldi. hər ikisi də özünə daha çox haqq iddia edirdi. İki Cahan Sərvəri onlara qulaq asdıqdan sonra: - İndi ikinizdən hansınız öz dərdini daha yaxşı izah etsə, məni daha çox inandıracaq, beləliklə hökmü öz lehinə çevirəcəkdir. Axı mən də sizin kimi bir bəşər övladıyam! Hənsınızın irəli sürdüyü dəlillər daha mökəm görünsə, ona görə hökm verirəcəyəm. Axirətdə isə işin əsl həqiqətinə görə hökm veriləcəkdir. Orada zalım öz cəzasını, məzlum da öz mükafatını tam şəkildə alacaqdır,-deyincə hər ikisi bir ağızdan: - Ya Rəsulallah, mən iddiamdan vaz keçdim, qoy mənim haqqım da onun olsun,-dedilər. Bundan sonra Allah Rəsulu (səs) onlara belə xüsusi tövsiyə verdi: - Gedib malınızı adil şəkildə bölüşdürün, sonra da püşk atın. Kimin payına malın hansı hissəsi düşsə, qismətilə razılaşsın. Həm də bir-birinizə haqqınızı qarşılıqlı olaraq halal edin.”22 Göründüyü kimi, axirətə iman sayəsində həyat bu şəkildə tənzim edilmiş olurdu. Əgər adam bir günah iş görürdüsə, özünü bir dirəyə bağlayır, əfvinə fərman verilənəcən özünü beləcə cəzalandırılmış olurdu. Məsələyə o qədər cıddı yanaşılırdı kı, törəndilən günah əməlin ancaq şəhidlik qanı ilə təmizlənəcəyinə inanan səhabə canını Allah yolunda tərəddüdsüz fəda edir və şəhadət şərbətini içmək üçün axıtdığı qanı ilə o biri aləmə tərtəmiz getməyə çalısırdı. Sa’d b. Rəbi (r.a.) Uhudun ətəyində ruhunu Allaha təslim edəcəyi əsnada Allah Rəsulundan salam gətirdiyini söyləyən Məhəmməd b. Məsləmənin pıçıltısını eşitdi. Buna cavab olaraq Sa’d b. Rəbi də: - Allah Rəsuluna məndən salam söylə. Vallahi Uhudun arxasında cənnətin qoxusunu duyuram!..”-dedi. Bəli, ölüm anında da insana bu səadəti daddıracaq axirətə imandan başqa heç nə ola bilməz. Bəşər övladı hansı imkanla fərdlərə, ailələrə və cəmiyyətə bu səadəti təqdim edə bilər? İndi Kainatın İftixarı Uca Nəbinin (səs) ümmətini həsr inancı səviyyəsində necə yetişdirdiyini azacıq da olsa anlaya bilməmiz üçün onun mübarək ağzından çıxan incilərdən bir neçə nümunə verək: Allah Rəsulu (səs) buyurur: “Ey insanlar! Sizlər yalın ayaq, çılpaq və sünnətsız olaraq həşr olunacaqsınız.“ Zərrati-əsliyəniz,23 ruhunuz və bənzərləri ilə yenidən diriləcəksiniz. Həm cismani, həm də ruhani bir həşr olmaq şərəfinə layiq görüləcəksiniz. Vicdanınızda duyub özünü görə bilmədiyiniz Cənnəti, ondan da çox, cilvələrini müsahidə edib həqiqətınə çata bilmədiyiniz Mövlanı görmək üçün həşr olunacaqsınız.
Allah Rəsulu (səs) sözlərinə belə davam edir: “Diqqətli olun! Axirətdə ilk dəfə əyninə paltar geyindiriləcək həz. İbrahimdir. Diqqət edın! O gün ümmətimdən bir dəstə insan sol tərəflərindən yaxalanmış24 olaraq gətiriləcək. Mən: ”Ya Rəb! Bunlar mənim əshabımdır!..“ deyəcəyəm. Cənabi-Haqq mənə xitabən: ”Ya Məhəmməd! Sən bilmirsən, onlar səndən sonra nə əmməllər törədiblər,“-deyəcəkdir. O zaman mən də Onun salih qulu olan Həz. İsa kimi cavab verəcəyəm: “Nə qədər ki, onların arasındaydım, onlar üçün şahid idim, məni onların arasından aldıqdan sonra onlara Sən nəzarət edirdin. Sən hər şeyə şahidsən. Əgər onlara azab edəcəksənsə, sözün düzü, onlar Sənın öz qullarındır, onları bagışlasan, güçlü olan, Hakim olan şübhəsız ancaq Sənsən!“25 Əhməd b. Hənbəlin həz. Ənəsdən (r.a.) rəvayət etdiyi bir hədis-i şərifdə də Allah Rəsulu (səs) belə buyurur: “Allah onu yaradandan bu yana Adəm oğlu ölümdən daha şiddətli heç bir hadisə ilə qarşılaşmamışdır. Halbuki, ölüm özündən sonra gələnlərlə müqayisədə çox yüngüldür. O gün elə bir şiddətlə qarşilaşacaqlar ki, onları çənələrinə qədər tər basacaqdır. Elə tər ki, onların çənələrinə vurulannoxta kimi olacaqdır. O qədər ki, lazim gəlsə, bu tər dənizində gəmilər belə üzə bilər.“26 Buxari və Müslümün Əbu Hüreyrədən (r.a.) rəvayət etdikləri bu hədis yuxarıdakı hədisi bir az da təfsilatı ilə təqdim edəcək mahiyyətdədir. Allah Rasulu (səs) belə fərman edir : “İnsanlar (qiyamət günündə) üç ayrı-ayrı siniflər halında həşr olunurlar. Bunlardan birinci sinif; dünyada xof və ümid muvazənətini saxlaya bilən insanlardir.” Hər an daxilən Allah ilə dolub daşan və bütün gördüyü işləri axirətdə hesab vermə şüur və idrâakına görə tənzim edənlər, ən ümidsiz hadisələr qarşisinda belə Cənabi-Haqqın rəhmətindən ümidvar olanlar, bütün varlıqları ilə Allahdan qorxmalarına baxmayaraq küfrün bir əlaməti olan mə’yusluğa və ümidsizliyə qapılmayanlar və həyatlarını beləcə ixlasla (səmimiyyətlə - N.Ə.) etdikləri dualar və qorxu içində keçirənlərdir. ”...Digər ikinci sinif cənnətə girə bilmək üçün iki, üç, dörd...və on adam bir heyvana minmiş olanlardir.“ Bir heyvanın belinə bu qədər insanın minərək büdrəyə-büdrəyə Cənabi-Haqqın hüzuruna getməyə çalışırlar. Burada nəzərə verilən ”büdrəyə-büdrəyə“ ifadəsi, itaətsizlik və günahlarla üzüquylu düşdükləri kimi orada da büdrəyə-büdrəyə gedəcəklər. “...Üçüncü sinifə gələndə, onları Cəhənnəm çəkəcəkdir (Cəhənnəmin içindən sıçrayan qığıcımlara görə bu istiqamətə getməyə məcbur olacaqlar). Onlar yuxusuz gözlərinin acısını quş yuxusu ilə almaq istəsələr, Cəhənnəm onlardan ayrılmaz, gecələsələr, Cəhənnəm onlarla gəcələr; sabahı Cəhənnəmlə bərabər açarlar və yenə nə zaman axşamın düşdüyünü dərk etsələr, Cəhənnəm də onlarla bərabər axşamlar...“27 Çünkü onlar ruh və vicdanlarinda cəhənnəmin çəyirdəyini bu cür daşıdılar. Cəhənnəmin çəyirdəyi ilə gecələyib, sabahı onunla açdılar. Ona görə ki, necə yasayıblarsa, elə də əvəzini görəcəklər. O çəyirdək bir agac kimi göyərib qol-budaq açacaq və yaxalarını buraxmayacaqdır. Beləcə, Allah Rəsulu bu və buna bənzər dərslərlə ümmətini ciddi bir axirət şüuru ilə yetişdirir və xüsusən də səhabələr Onun dövründə, sanki pərdə arxasında Cəhənnəmi bütün dəhşətilə və cənnəti də bütün dəbdəbəsilə müşahidə edirmişcəsinə bir hava içərisində davranırdılar. Bəli, həyatı istiqamət və fazilətlərlə keçirməyin yeganə çarəsi bu ədəblə əxlaqlanmaq və axirət həyatını bu dünyada əxlaq halına çevirməkdir. Yoxsa axirət imanı olmayan adamlarda və bu adamların əmələ gətirdiyi cəmiyyətlərdə fəzilət və istiqamət barədə düşünmək elə olmaz. Əgər onlarda fəzilətdən bir iz nəzərə çarpırsa, bu yalnız Cənabi-Haqqın insan fitrətinin cövhərinə və çəyirdəyinə yerləşdirdiyi fəzilətdir. Fitrətə yerləşdirildiyinə görə də işin tərsini etmələri mümkün deyildir. Bu qeyri-mümkünlüyə görədir ki, onlari bu cür fəzilətli işlər görməyə məcbur etmişdir. Bu fəzilət isə heç bir zaman çalışmaq və səy etməklə əldə edilən səviyyədə deyildir.
2. Lövhi-Məhfuz - Allahın yaradacağı hər şeyin əvvəlcə bütün təfərrüatı ilə düşünülüb tərtib etdildiyi ümumi plan və proqram. Bundan başqa, bir də Lövhi-Məhfuzdakı bu ümumi plan və proqramdan, əgər belə demək mümkündürsə, hər bir varlıq, hər bir kəs üçün çıxarılmış surəti vardır ki, buna ”Lövh-i Məhv və Isbat“ deyilir. Bu plan və proqrama Qədər deyilir. Qədərdə yazılanların həyata keçməsi isə Qəza adlanır. Qədərə və Qəzaya inanmaq iman şərtlərindən biridir. 3. Dəyyan - Allahın (cc) 99 adından biri. Mənası ”hər kəsin hesabını və haqqını ən gözəl şəkildə bilən və verən“ deməkdir. 4. Müstəqim - dümdüz, dopdoğru, ən doğru. 5. Güfran - Cənabi-Haqqın günahları bağışlaması, örtməsi, rəhməti. 6. (r.a.) - ”Razıallahu anh“ - ”Allah ondan razı olsun“ mənasında duadır. Vəfat etmiş İslam böyüklərinin adı çəkilərkən belə demək savabdır və ədəbdəndir. 7. Rəhmaniyyət və Rəhimiyyət - Allahın Gözəl İsimləri içərisində bizim ən çox işlətdiyimiz Rəhman və Rəhim isimlərindəndir. Hər iki ad ”mərhəmət“ sözünü ifadə edir. Lakin ”Rəhmaniyyət,“ yəni Cənabi-Haqqın bu dünyada görünən (təcəlli edən) mərhəmətini ifadə edir. O, bu dünyada möminə də, kafirə də mərhəmət etməkdədir, hətta Ona üsyan edənə belə hər şey verməklə mərhəmətini göstərir (təcəlli edir). Lakin yenə də ”mərhəmət“ mənasında olan Rəhimiyyət isə Onun o biri dünyada yalnız mö’min qullarına gösərəcəyi mərhəməti ifadə edir. Bu baxımdan Allahın Rəhim sifəti o biri dünyamızda təcəlli edəcəkdir. Beləliklə, Rəhmaniyyət Allahın bu dünyada hamıya, Rəhimiyyət ismi isə o dünyada yalnız möminlərə göstərdiyi mərhəməti deməkdir. 8. (səs) və ya (səv) - ”Səllalahu əleyhi vəssəlləm“, ”Əleyhissalatu vəssəlləm“ salavatlarının ixtisar edilmiş formasıdır. Peyğəmbərlərin, xüsusi ilə, peyğəmbərlərin sonuncusu, Allahu-Təalanın ”Həbibim“ deyə xitab etdiyi Iki Cahan Sərvəri Həz. Məhəmmədin adı çəkilərkən bu və bunun kimi digər salavatlardan birini gətirmək savabdır və ədəbdəndir. 9. Tərgib “Tərhib”, IV c., s. 262. “Həyatu’s Səhabə”, III c., s. 253. 10. Tərgib “Tərhib”, IV c., s. 261. 11. Safha - Eyni şey üzərində görünən müxtəlif hallardan hər biri. Bir şeyin gözlə görünən üzlərindən hər biri. 12. Mücəhhəz - Nöqsanları aradan qaldırılaraq hazır hala gətirilmiş, lazım olan silah və sair şeylərlə təchiz edilmiş. (Buradakı ”silah“ hərfi mənada başa düşülməməlidir. 13. Əhlullah - Allaha itaət və Onun sevgisi ilə Ona yaxınlaşmış Vəli. Allahın sevgisini qazana bilmiş övliya. 14. Buxari, “Mərza”, 19; “Fəzailus-Səhabə”, 5; Məqazi, 83-84; Müslim, “Səlam”, 46; Tirmizi, “Dəavat”,76. 15. Buxari, “Mənakibu’l-Ənsar”, 45; Əhməd bin Hənbəl, 3/18. 16. Rəfiqi-Ali - ən uca, ali dost, Allah. 17. Vəra - Təqvanın irəli dərəcəsi. Bilmədiyini və şübhə etdiyini öyrənib, yaxşıya və doğruya görə hərəkət edib bütün günahlardan çəkinmək halı. 18. Huşu - həyalı, təvazökarlıq. Huşu içərisində - Qorxu qarışıq sevgidən gələn ədəbli bir hal. Yüksək və heybətli bir hüzurda duyulan həya, təvazökarlıq. 19. Me’rac - nərdivan, yüksəliş, yüksələcək yer. Ən yüksək mərtəbə. İlahinin hüzuruna qalxmaq. Peyğəmbərimizin (səs) Allahın (cc) hüzuruna ruhən, cismən və halən çıxmasıdır ki, bu da Peyğəmbərimizin (səs) ən böyük mö’cüzələrindən biridir. Mənəviyyatımızın qaynaqlarına görə isə namaz hər bir müsəlmanın meracudur, çünki huşu ilə qılınan namaz da qul ruhən və halən Allahın hüzuruna çıxmış olur. 20. Yövmüd-dünya - dünya həyatı. 21. Yövmüd-axir - axirət həyatı 22. Buxari, “Şəhadat”, 27; Müslim, “Əqdiyyə”, 4; Əbu Davud, “Ədəb”, 87; Tirmizi, “Əhkam”, 11,18; Nəsai, “Qəza”, 13-33; İbn- Macə, “Əhkam”, 5. 23. Zərrati-əsliyyəniz - sizin əslinizi təşkil edən zərrələr (molekul və atomlar) 24. Axirət günü Allahın salih qullarının sağ tərəfindən, Allahı inkar edən, Onun əmrlərini qulaqardına vuran qullarının isə sol tərəfindən tutulacaq, Allahın (cc) hüzuruna gətiriləcəklər. Başqa bir ifadə ilə, Allahın əxlaqlı qullarının əməl dəftərləri onların sağ tərəflərindən, Allaha üsyan edənlərə, Allaha tabe olmayanlara isə sol tərəflərindən veriləcəkdir. 25. Buxari, “Ənbiya”, 8-48; Müslim, “Cənnət”, 56; Tirmizi, “Qiyamə”, 3; Nəsai, “Cənaiz”, 118-119; Əhməd bin Hənbəl, 1/223, 229, 235, 253, 3/495. 26. Əhməd bin Hənbəl, 3/154. 27. Buxari, “Riqəq”, 45; Müslim, “Cənnət”, 59; Nəsai, “Cənaiz”, 118. |