| “Qur’ani-Kərim”in Həşri İsbat Metodu |
|
|
| Yazarı Fəthullah Gülən | |
| 30.06.2007 | |
|
Məsələn, haçansa yer kürəsindən qopduğu qəbul edilən Ay, birdən geriyə, ”anası“nın sinəsinə dönmək istəsə, o zaman nüvə fizikasının qanunlarına əsasən planetimiz dəhşətli bir partlayışa məruz qalar... və qiyamət qopar. Bir hədisi-şərifdə (“Və min şərri ğasiqin iza və qəb“) Ayəsinin28 təfsiri münasəbətilə ”ğasiq“i “ay” sözü ilə şərh edən Allah Rəsulu (səs) həz. Aişəyə (r. anhə) ayı göstərmis və: -Ya Aişə! bu zulmətlə bürüyən ayın şərindən Allaha sıgın!”-buyurmuşdur.29 Buna görədir ki, əhlullah rö’yada ayı görməyi şər, günəşi görməyi isə xeyir əlaməti sayar və belə də təbir edirlər. Bir quyruqlu ulduz30 gəlib yer kürəsinə çarpılsa, Qiyamət qopa bilər. Yaxud, səhvən aparılan bir nüvə sınağı qiyamətin qopmasına səbəb ola bilər. Zahiri səbəb nə olursa olsun, bütün bunların arxasında səbəbləri öz əlində saxlayan Allah (CC)31 Suru32 çalmaq əmrini verəcək və qiyaməti qoparacaqdır. “Qur’ani-Kərim” bizim təsbit edə bildiyimizə görə, öldükdən sonra dirilmə həqiqətini iki cür qruplaşdırmışdır:
Qur’an bu iki qrupdan bəhs edərək bir tərəfdən makro aləmdən çıxış edərək, afaqi33 dəlillərlə həşrin meydana gələcəyini, digər tərəfdən də normo (enfüs)34 dediyimiz aləmdən çıxış edib izah edərək mikro aləmə də enib həşri isbat edir. Bundan başqa, “Qur’ani-Kərim” məsələni makro və mikro aləmi birlikdə götürməklə izah edir ki, buna biz ”aləmşümul dəlil“ də deyirik. Bu son bənddə isə nəzərə Mütləq Yaradılış verilir. Indi bütün bu bəndləri növbə ilə ərz etməyə çalışaq: “Qur’ani-Kərim” müqayisə üsulu ilə makro aləmdən misallar gətirərək həşri isbat edir :
Həşrlə insanları yenidən dirildəcək olan Cənabi-Haqq səmanı dirəksiz olaraq saxlamaqda, qoyduğu nizam və intizam sayəsində ulduzlar seyr və səyahətlərini davam etdirə bilirlər. Siz bu möhtəşəm səmanın dayaqsız olaraq hərəkət etdiyini və özündə heç bir yorğunluğun müsâahidə edilmədiyini görürsünüz. Səmanı belə dirəksiz ucaltdıqdan sonra Allah, Ərşə var olmaq əmrini buyurur və hökmünü oradan icra etdirir. Sonra da günəşi və ayı tabeliyinə alıb sanki onlardan istifadə və faydalanmamız üçün cilovlarını sizin əlinizə verir. Hər şeyi bir hesabla edir və beləcə sizə sonsuz elmindən hikmət parıltıları göstərir. Bəli, göydə və yerdə olan bütün işləri düzənləyən, hər şeyin alnına vurduğu özünün qüdrət möhrünü göstərən Allah sizə həşri vəd edir; şərh etdiyi ayələri ilə sizə güc və qüvvətini göstərir. Bəlkə bütün bunları düşünər, düşüncə səviyyəniz genişlənər, dərinləşər və bir gün Ona qovuşacağınıza haqq-əl-yəqin35 inanarsınız. Doğrudan da biz axirətə inanarkən, bütün rübubiyyət36 və suünatı37 ilə özüni göstərən və hiss etdirən Allahın həşri istədiyi şəkildə var edəcəyinə inanırıq.
Səmanı bir kitab kimi bükər və bu günkü mahiyyətindən uzaqlaşdırarıq. Hərəkət və hərarət qalmaz, bir sükunət, bir donma baş verər. Mahfazasından38 çıxarıb tamaşa etməniz üçün açdığımız kainat kitabını təkrar örtər, başlanğıcında olduğu kimi, yenə mahfazasına qoyarıq. Bununla da başlanğıcda bütün xəlq edilənlər necəydislərsə, yenə o hallarına çevrilərlər. İlk dəfə səbəblərin süqut etməsi kimi bu ikinci yaradılışda da səbəblər süqut edəcək və kitabı necə bükmüşdüksə, eləcə də açacaq və zərrələri yenidən yaradacağıq.
Göyləri və yeri yaradıb bir sistemə salan və bundan qətiyyən yorulmayan, usanmayan bir Allah ölüləri yenidən diriltməyə qadir deyildirmi? İbrət nəzəri ilə baxsanız, hər hadisənin arxasındakını gö-rəcək, “Allah!” deyəcəksiniz. O Allah ki, qətiyyən yorulmaz və dincəlmək ehtiyacı hiss etməz. Başqa bir ayədə bu barədə:
səklində izah edilir.39 Məgər belə bir Allah ölüləri yenidən diriltməyə qadir deyildirmi? Təmsillərlə müqayisə “Qur’an”ın bir isbat üsuludur. Nəzərimizi içində yaşadığımız bu aləmə yönəldərək Allahın hər şeyin xaliqi olduğunu göstərməklə ağlımızı Onun belə bir aləmi təkrar yaradacağını qəbul etməyə hazırlayır. Bu üsulla insanın həşrə olan inamı bir neçə qat çoxalır.
Sizin yaradılmanızmı çətindir, yoxsa cinlər və insanlar da daxil olmaqla bütün sistemlərin yaradılmasımı? Kainat sarayını quran Allah cənnətdə sizin üçün ondan daha kiçik saraylar inşa və icad edə bilməzmi?
Torpağı siz vahimə içində, işi bitmiş, sayqı ilə Allaha boyun əymiş, Ondan mədəd istəyən bir insan kimi gördüyünüz zaman Biz səmadan yağmur endirdik. Bundan sonra bir qımıldama və hərəkət başlayır. Torpaq altındakı toxumcuqlar, rüşeyimlər baslarını qaldırır, yer üzü bir yaşıllıq və çəmənzar halına gəlir. Beləcə, hər baharda yeri bu cür dirildən Allah ölüləri də eyni şəkildə dirildəcəkdir. Hər bahar fəslində bu qədər nəbatatın həşrini sizə göstərən Allah ölüləri də canlandırıb dirildəcəkdir. Bəli, Allah ölüm yuxusuna getmiş bu qədər heyvan və həşəratı, ölmüş qupquru ağaçları bahar mövsümündə yenidən diriltdiyi kimi, xəzan mövsümünüz olan ölümlə torpağa basdırıldıqdan sonra bir gün gələcək, sizi də yenidən dirildəcəkdir.
Ayənin son hissəsində də bildirildiyi kimi siz yer üzünü nəyisə bitirməsi mümkün olmayan, yanmış kül kimi görürsünüz. Səmadan yağmuru şırhaşırla yağdırdığımız zaman isə bir qımıldanma, bir hərəkət başlayar və bu zaman bitkilər boy atar. Allah hər şeydən cüt-cüt yaratmaqla ürəkaçan mənzərələri nəzərinizə təqdim edir.
Bütün bu gördüyünüz şeylər doğrudur, çünki Allahdandır. Beləcə ölüləri dirildəcək olan da Odur və O, hər şeyə qadirdir. Başınızın üstündə cərəyan edən minlərlə hadisələri təmin və idarə edən Allah (CC) təcəlliləri ilə sizə hər şeyə qadir olduğunu göstərmiş olur.
Göründüyü kimi, qiyamət mütləq gələcəkdir, buna şübhə yoxdur. Və Allah bütün ölüləri dirildəcəkdir. Yuxarıda da bildirdiyimiz kimi Cənabi-Haqq bütün bu ayələrdə həşrin necə baş verəcəyinin nümunəsini əvvəlcə yer üzündə göstərdi. Baharın gəlməsi ilə yerlə bir olan canlananlar hamısı və toprağa basdırılan toxumlar çürüdükdən sonra Cənabi-Haqq onları ikinci bir baharda yenidən necə dirildirsə, eyni qayda ilə qabirlərdə çürüyən insanı da ikinci bir bahar olan həşr günündə təkrar dirildəcəkdir. Bu baxımdan məsələ istər bir filosof, istərsə də bir çoban baxışı ilə götürülsün, “Qur’an”ın bu inandırma üsulundan daha üstünü göstərilə bilməz. Peyğəmbərimizin (səs) bu məsələ ilə əlaqədar hədisləri də daxil olmaqla bütün deyilənlər yalnız “Qur’ani-Kərim”in izah etdiklərinin təfsilat və təfsirindən ibarətdir. “Qur’ani-Kərim” həşri çox böyük, həm də özünəməxsus dəlillərlə isbat edərkən nəzərimizi normo aləmə çevirərək məsələyə bu misallarla aydınlıq gətirir: ”İlk dəfə sizi yaratdığı kimi, yenə də Ona dönəcəksiniz.“ (“Ə’raf”, 7/29) Əvvəlcə sizi torpaqdan, nütfədən, qan laxtasından və bir tikə ət parçasından yaratdığı kimi, sizin əslinizi təşkil edən atomlarınızı yenidən bir yerə toplayıb tərkib halına salacaq və sizi yenidən yaradacaqdır. Bizim onu bir nütfədən (spermadan) yaratdığımızı insan görmədimi ki, indi açıq-açığına bir düşmən kəsildi? Öz yaradılışını unudaraq bizə bir misal verdi: ”Bu çürümüs sümükləri kim dirildəcək?“ dedi.
İlk dövrün kafiri də, iyirminci əsrin ən axırıncı kafiri də eyni şeyi söyəyir: ”Az qala külə çevrilmiş bu sümükləri bir də kim dirildəcək?“ “Qur’an” onlara cavab verir: “Həyatı ilk dəfə kim vermişsə, yenə də o dirildəcəkdir.”
O, Allahdır (CC) ki, içindən damla-damla su daman agacdan atəş çıxarır. Halbuki “iki zidd yan-yana gəlməz, bir yerdə toplanmaz” prinsipi sarsılmaz bir qanundur. Qüdrəti Sonsuz iki ziddi bir yerə cəm edir. Ərəbin tanıdığı Mərh və Afar agaclarından su damla-damla axmasına baxmayaraq, onlar bir-birlərinə sürtəndə alovlanır. Bax, beləcə qüdrətini göstərən Allah (CC) həyatda bir-birinə zidd kimi görünən çürümüş sümüklərlə həyatı cəm edər və insanı ikinci bir həyatla dirildər, yaşadar. “Qur’ani-Kərim” eyni üsulla ən kiçik atom parça və parçacıqlarından təşkil olunmuş mikro aləmi nəzərimizə verib həşri isbat edir:
Əgər həşrə şübhəniz vardırsa, mahiyyətinizdə cərəyan edən hadisələrə baxıb bu subyektiv dəlili tədqiq edin: Allah (CC) başlanğıcda sizi torpaqdan yaratdı. Əsl mahiyyətiniz yer üzündən alınan bir sıra elementlərdən ibarətdir. Sonra qarışdırılaraq bir protein məhlulu halına saldı. Müəyyən mərhələdən sonra, yəni canlanma səviyyəsinə gələndən sonra mahiyyətiniz bir damla su oldu. Həm də murdar və iyrənc bir su... Daha sonra bir qan laxtası və sonra heç nəyə bənzəməyən bir tikə ət parçası... Bu hala düşdükdən sonra artıq yaradıla bildiyiniz kimi, yaradılmaya da bilərsiniz. Ya bir düşük olaraq düşüb gedər, ya da əhsəni-təqvim40 sirlərinə layiq bir insan olmanız üçün mahiyyətinizdə olan toxumunuz nədirsə, o mahiyyətə çevrilməyə başlayırsınız. Sonra onları lazım bildiyimiz müddətəcən ana bətnində saxlayarıq. Bəzən uşaq 3-4 aylıqkən düşər, bəzən alti, bəzən doqquz aylıqkən dünyaya gələr. Daha sonra təptəzə bir uşağa çevirdiyimiz siz insanlar yaradılış şəklinizə görə lazımlı hala gələ bilməniz üçün müəyyən bir həddə çatmağa çalışırsınız. Bəziləriniz boya-başa çatmadan vəfat edərsiniz. Kiminiz də gedib ömrün rəzalətli dövrünə çatarsınız. Belinizin, ayaqlarınızın ağrıyıb başınızın büküləcəyi, qocalığın sizə qalib gəlməsi ilə saçlarınızın ağaracağı və rəzil bir ömrə məruz qalarsınız. O hala gətirilərsiniz ki, hər şey olduqdan sonra heç bir şey olmadığını anlayasınız. Həyata uşaqlıqdan başlar və axırda da saqqallı uşaq olaraq köçüb gedərsiniz.
Sizi müəyyən mərhələlərdən keçirib bu hala gətirən Allah ölüləri diriltməyə qadir deyildirmi? Göründüyü kimi “Qur’ani-Kərim” həşr məsələsini başqa heç bir sübuta ehtiyac olmayacaq şəkildə, özünə xas ağıl və məntiqlə isbat etmiş olur. “Qur’an” ayələrinin təqribən üçdə biri bu həqiqətlərdən bəhs edir. Biz bu mövzuda yuxarıda bəhs etdiklərimizlə yalniz bir fikrin ətrafında dönüb-dolaşdıq. Elə bundan sonra deyəcəklərimiz də, bu ayələrin təfsirindən və təfsilatından ibarət olacaqdır. Bu dünyadan fikir, düsüncə, hiss, duyğu, insan, insanlıq və bütün bunlara əlaqədar olan niyyətlər, əməllər və fəaliyyətlər sel kimi axıb bu dünyadan keçir. Ən nəhayət də axış məcrasının mahiyyətinə uyğun olan bir ”hovuzda“ toplanırlar. Bu dünyada biz hər hansı bir mükafat və cəza görmürük. Görsək də, bunlar ancaq və ancaq əməllərimizin onda biri nisbəti qədər ya olar, ya olmaz. Nə qədər zalımlar, cabbarlar41 və fir’onlara az qala rəhmət oxutduracaq adamlar bu dünyada yaşayıb heç bir cəza, işgəncə görmədən, başı, beli, dişi ağrımadan, üstəlik, cəbərütü,42 xodfüruşluğu43 da bir növ bu dünyanın qazancı kimi özü ilə o biri dünyaya köçmüşdür. Bunlardan başqa, bir də min bir müsibətə məruz qalanlar, min bir bəla və musibətlər başında dəyirman daşı kimi çevrilənlər də bu dünyadan olduqca məzlum, nahaqqın qurbanı olaraq o biri dünyaya göçmüşdür. Zalımın özünə görə düsüncə və hesabı olduğu kimi, məzlumun da onlarınkından çox fərqli, özünə görə niyyət və düşüncələri vardır. Beləcə bir-birinə tamamilə əks məcradan axan iki çeşmənin suları kimi onlar o biri dünyada bir hovuzda toplanacaq, bu dünyadakı davranış və hərəkətlərinin hesabını vermək üçün Cənabi-Cəllə və A’lanın qarşısında sıraya düzüləcəklər. Görülən haqq-hesab nəticəsində məzlum dünyada ikən varlığına öz varlığı kimi inandığı cənnətə, zalım isə bir zibil yığını kimi içində olduğunu ağlına yaxın buraxmadığı cəhənnəmə atılacaqdır. Bu dünyada xeyirlə şər bir-birindən ayrılmasa da, o biri aləmdə Adili-Mütləq olan Allah onları ayıracaq, şər və zalımlar güruhuna: “Ey günahkarlar, bu gün belə ayrılın (görüm!)” (“Yasin”, 36/59) deyə xitab edəcəkdir. Çünki bütün əşyalar arasında yaxşı pisdən, gözəl çirkindən, kamil yarımçıqdan bu dünyada ayrıldığı, seçildiyi halda insanlar üçün belə bir seçim, belə bir ayırım görmürük. Halbuki, insan kimi kainatın nümunəsi və özü olan bir varlığın belə bir qaydadan istisna edilməsi ağla belə gətirilməz. Burada olmursa, demək başqa bir aləmdə olacaqdır. Toxum yerə səpilir, çürüyür və göyərdiyi yerdə yeni bir həyat başlayır. Ağac qol-budaq atıb səmalara baş çəkir, yarpaqlarla bəzənib, meyvələrlə doldurulur. Daha sonra da hər şeyini töküb sümük kimi qupquru quruyur. Lakin növbəti baharda təzədən bəzənib özünü bizə göstərir. Bütün heyvanat və həşərat payızda qış yuxusuna gedərək ölüm kimi bir hal keçirir, üzlərinə gələn baharda isə təzədən həşr və nəşrə tabe etdirilirlər. Bütün varlıqlarda baş verən bu qanundan heç insanın kənarda qalmasına ehtimal vermək olarmı? Onun da bir baharı, bir qışı və ikinci baharı vardır. Çünki o da bir toxumdan meydana gəlmişdür, o da bir ağac kimi böyümüşdür, fikir, sirr, xof kimi meyvələr vermişdir. Daha sonra da heç nəyə yaramaz hala düşmüş, bir toxum kimi yenidən torpağa basdırılmışdır. İndi o, ikinci bir baharını gözləyir, mövsümü gəldiyi və Sur çalındığı zaman o da diriləcəkdir. 28. Bu “Qur’ani-Kərim”in ”Fələk“ Surəsinin üçüncü Ayəsidir (113/3). Mənaya görə tərciməsi belədir: ”Qaranlıq çökdüyü zaman gecənin şərindən“. 29. Tirmizi, “Təfsir”, Surə 113-114, 1; Əməd bin Hənbəl, 6/61, 206, 215, 237, 252. 30. Quyruqlu ulduz - Meteor. 31. (CC) - ”Cəllə Cəlaluhu“, yə’ni ”ən yüksək cəlal sahibi“ cümləsinin ixtisar edilmiş formasıdır. Allahın adı çəkilərkən bunu demək savabdır və ədəbdəndir. 32. Sur - Qur’an-i Kərimdə və Peyğəmbərimizin (səs) hədislərində bildirilir ki, qiyamətin qopması dörd böyük mələklərdən biri olan həz. Israfilin (əs) ”Sur“ adlanan şeypuru çalması ilə başlanacaqdır. Suru birinci dəfə çalanda qiyamət qopacaq, kainat məhv olacaq, ikinci dəfə çalanda isə ölənlər məzarlarından qalxacaq və Allahın (cc) hüzuruna gedəcəklər. Əlbəttə, Surun çalınmasını hərfi mə’nada qəbul etmək doğru olmaz. Allah Təala (cc) bə’zən vəhy edərkən onu ən sadə insanların da anlaya bilməsi üçün hadisəni, işləyəcək qanunu müxtəlif üsullardan istifadə edir. Müasir elmin gəldiyi nəticəyə görə də kainatın sönməsi ilə əmələ gələn ”qara boşluq“ hadisəsi bir top mərmisinin uçuşundan əmələ gələn vıyıltı səsinə bənzər, lakin gücünə görə onunla qətiyyən müqayisə olunmayacaq dərəcədə uca səslə müşayət olunur. 33. Afaqi dəlillər - kainat və ondakı haisələrə dair dəlillər. 34. Enfüs - ”Nəfs“ sözündəndir, ”nəfslər“, ”ruhlar“, ”canlar“, ”yaşayanlar“ deməkdir. 35. Haqq-əl-yəqin - Mərifət mərtəbəsinin ən yüksəyi. Atəşin yandırıcı olduğunu bütün hisslərimizlə yaxından duyub yaşadığımız kimi ən yaxın bir şəkildə həqiqəti müşahidə edib yaşamaq halı. Yəqin - mərifət və dirayətin fövqündə olan elmin sifətidir. Bunun üç dərəcəsi vardır: ilm-əl-yəqin, ayn-əl-yəqin və haqq-əl-yəqin. ”İlm-əl-yəqin“, elmin göz ilə görüb, müşahidə etmək dərəcəsidir. Məsələn, uzaqda tüstünün qaxması orada atəş yanmasını bildirdiyi kimi; ”Ayn-əl-yəqin,“ elmin məs., atəşin alovlandığını göz ilə görüb müşahidə etmək dərəcəsidir; ”Haqq-əl-yəqin“ isə bir az da irəliləyərək elmin məs., atəşi bütün görüntüsü, çıxan tüstüsü və hərarəti ilə bütöv halda hiss etdiyimiz kimi elmimizə də ”haqq-əl-yəqin“ deyilir. Insanın Allahı bilməsi də bu mərtəbələrə görə olur. 36. Rübubiyyət - Cənabi Haqqın hər zaman, hər yerdə, hər məxluqa möhtac olduğu şeyləri verməsi, tərbiyə və tədbiri, malikiyyəti və bəsləyicilik keyfiyyəti. 37. Suünat - keyfiyyətlər, hallar, əmrlər, tələblər. 38. Mahfaza - mühafizə olunduğu şey, qoruyucu, qabıq. 39. Xristianlığa görə güya Allah kainatı, yeri və insanı altı günə yaratmış, sonra bir gün istirahət etmişdir. Bu Ayə onların Allaha qətiyyən yaraşmayan sözlərinin yalan olduğunu nəzərə verir. 40. Əhsən-i Təqvim - Cənabi-Haqqın hər şeyi özünə layiq, ən gözəl ölçü, sifət və surətdə yaratması. 41. Cabbar - insanlar haqqında işlədiləndə ”zalım, qəddar, müstəbid“. Allah Təalanın sifəti kimi is. istədiyini mütləq etdirən, böyüklük, əzəmət, qüdrət sahibi. 42. Cəbərüt - Əzəmətin daha uzun müddət davam edəni və batinisi. Böyüklük, hakimlik, qüdrət. 43. Xodfüruşluq - özündən razılıq, özünə məftunluq, ənaniyyət. 44. Buxari, Ədəb, 18; Müslim, Tövbə, 22. |
| < Qabaqkı | Sonrakı > |
|---|



Qiyamətin baş verəcəyinə heç kəsdə şübhə və tərəddüd yoxdur. Hətta günümüzün müsbət elmləri və elm adamları da bu mövzuda müttəfiqdirlər, ancaq onlar bu reallığı yaxın zamanda yox, çox uzaqda gözləyirlər. Halbuki, baş verən fövqəladə hadisələrın sayı o qədər çoxdur ki, qiyamət bunlardan hər hansı birilə qopa bilər.
