| Noyabr 2001-ci il, Nyu Cersi |
|
|
| Yazarı Faruk Mərcan | |
| 29.06.2009 | |
|
Ankara Dövlət Təhlükəsizlik Məhkəməsinin prokuroru Nuh Mete Yüksəlin imzasını daşıyan, 31 avqust 2000-ci il tarixli, ingilis dilində 79 səhifəlik iddianamə amerikalı prokurorun qarşısında idi. Güləni qarşılayan prokuror Repetto, onu prokurorluğa aid bir toplantı salonuna dəvət etdi. Gülən, haqqında qaldırılmış bu iddia ilə bağlı ifadə verməli idi. O, vəkilləri vasitəsilə Ankara Dövlət Təhlükəsizlik Məhkəməsinə müraciət edərək ifadə vermək istədiyini bildirmişdi. Bunun üçün Ankara Dövlət Təhlükəsizlik Məhkəməsi ABŞ Ədliyyə Nazirliyinə məktub göndərərək, rəsmən Gülənin ifadəsinin alınmasını istəmişdi. Amerikalı prokuror Gülənin ifadəsini alaraq Ankaya göndərməli idi. Gülən, vəkilləri Əbdülqadir Aksoy, Orxan Ərdəmli, Rüştü Kalyoncu, amerikalı prokuror, həmçinin stenoqraf olaraq Gülənin ifadəsini yazacaq notarius numayəndəsi və Prokurorluğun rəsmi tərcüməçisi Jalə Elterman toplantı salonunda yerləşən masanın ətrafında əyləşdilər. Prokuror Güləndən öncə istirahət etmək istəyib istəmədiyini soruşdu. Gülən isə "xeyr" cavabını verdi. Sonra prokurorun Gülənə yönəltdiyi ilk sual belə oldu: "Məqsədiniz nədir? Hər hansı bir siyasi məqsədiniz varmı?" Gülən isə cavabında "Mənim yalnız bir məqsədim var – İlayi- kəlimətullah" dedi. İnsanlara Allahı və dinin müqəddəs dəyərlərini anlatmaq mənasını verən "ila-yi kəlimətullah", eyni zamanda Gülənin sayı 60-dan çox olan kitablarından birinin adı idi. Prokurora rəsmi tərcüməçilik edən və Amerikada yaşayan Jalə Elterman, yanında 100000 sözdən ibarət ingiliscə - türkcə lüğət olmasına baxmayaraq, Gülənin bu sözlərini tərcümə etməkdə çətinlik çəkdiyi üçün narahatlıq keçirdi. Gülənin Türkiyədən gələn iki vəkili tədbirli davranmışdı. Gülənin söylədiklərinin ifadə mətnində olduğu kimi əks olunması çox vacib idi. Bunun üçün uzun müddət Amerikada yaşayan və Vaşinqton Vəkillər Kollegiyasının üzv olan Rüştü Kalyoncu onlarla birlikdə gəlmişdi. O, Vatikanda da Papa - Gülən görüşündə Gülənə tərcüməçilik etmişdi. Hələ ifadədən əvvəl, Gülənin vəkili Aksoy, Kalyoncunun tərcüməçilik edə biləcəyini bildirsə də prokuror imtina etmiş və "Bizim təyin etdiyimiz rəsmi tərcüməçi var" demişdir. Nevark Ədliyyə İdarəsində bu cür tərcümə işlərinə baxan Jalə Elterman, "ila - yi kəlimətullah" ı ingilis dilinə necə tərcümə edəcəyim düşünərkən, Kalyoncu müdaxilə etdi. Kalyoncunun "Allahın adını ucaltmaq" şəklində tərcümə etdiyi "ila - yi kəlimətullah"ı prokuror bu şəkildə qeydə aldı: "Allahın rizasını qazanmaq, onu başqa insanlara tanıtmaq və sevdirmək." Prokurorun əlində təxminən əlli suallıq bir siyahı var idi. Onun "Türkiyə Dövlətinin Konstitutsiyasının dəyişdirilməsinə cəhd etdinizmi?" sualına Gülən, "Bu məsələ heç zaman ağlımdan belə keçmədi" cavabını verdi. Bir saat yeddi dəqiqə davam edən görüşdən sonra Gülən və vəkilləri salondan ayrıldılar. Həmin gün Gülən, prokurorun suallarına verdiyi bu cavablardan əlavə, həmçinin 56 səhifəlik yazılı ifadə verdi. Bunlar toplanaraq, məhkəmə işini aparan Ankara Dövlət Təhlükəsizlik Məhkəməsinin rəhbəri Hüseyn Ekenə göndərildi. Gülən üçün Ankara Dövlət Təhlükəsizlik Məhkəməsinin prokuroru Nuh Mete Yüksəlin qaldırdığı bu iddia, 29 il əvvəl İzmirdə ona qarşı sürülən ittihamdan heç nəyi ilə fərqlənmirdi. Fikir azadlığını məhdudlaşdıran Cəza Qanununun 163-cü maddəsinin hələ də qüvvədə olduğu 1971-ci ildə bu iddianı Hərbi Prokuror Nurəddin Soyer irəli sürmüşdü. Arada müəyyən zaman fərqliliyi olsa da, prokurorlar demək olar ki, eyni "dildə" danışırdılar. Bu cümlələr, Gülən və yaxınlarını ittiham edən prokuror Soyerin 1971-ci il 19 avqust tarixli 33 səhifəlik iddianaməsində yer alırdı: Ağlın və elmin parlaq işığı, qaranlıq məkanlarda öz xain əməllərini hörən insanların üzərinə çevrildi... Bu, eyni zamanda dövrün və mədəniyyətin mübarizəsidir... Bir qrup meydana çıxar və bəşəriyyətin ağılla əldə etdiyi son nailiyyətləri heçə sayaraq, on üç əsr əvvələ aid qaydaları cəmiyyətə tətbiq etmək iddiasında olarsa və bu fikrini də azadlığa bağlayarsa bu hal, haqqın sui-istifadəsindən başqa məna daşımaz... Heç kimə bir cəmiyyəti müasir fikir atmosferindən qoparıb, köhnəlmiş düşüncələrin burulğanına sürükləmə haqqı tanına bilməz... İslam dinini anlayan və onun müqəddəs dəyərini öz vicdanında duyan insan, qul ilə Allah arasında dəllallığa cəhd göstərə bilməz... Bu adamlar, savadsız və sadəlövh insanların düşüncə və ruhlarına nufuz edərək, onları hipnoz edib qaranlıq əməllərinə alət etməyə çalışırlar. İnsanları robotlaşdırmaq istəyənlər, onların ruhlarını əsir etməyə çalışanlar və türk millətini neçə əsr əvvələ qaytarmaq istəyən azğın bir fikri təmsil edənlər, rəngləri yaşıl, qırmızı nə olursa olsun azadlıq bayrağı altına sığınma haqqına sahib ola bilməzlər... Xürafatı, batil etiqadları rəhbər edən cahil və mövhumatçılar hər dövrdə saxta ruhlu sözdə liderlərin arxasında gizlənən zavallılardır... Xürafatlara köklənib müasir düşüncələrdən geridə qalmaq yalnız Türkiyəyə məxsus deyildir. İnkişaf etmiş ölkələrdə də bu cür düşüncə sahiblərinə rast gəlmək mümkündür. Amma Türkiyənin artıq itirəcək zamanı qalmayıb. İndi isə, düşüncə azadlığını məhdudlaşdıran 163-cü maddə ləğv olunduğu halda, prokuror Nuh Mete Yüksəl belə deyirdi: Fətullah Gülən qrupunun məqsədi şerlərində və kitablarında açıqlandığı kimi yenidən gül dövrünü və o dövrü yaşadacaq dövləti qurmaqdır. Gül dövrü, Hz. Məhəmmədin yaşadığı dövrdür. Gül dövrü, dünyəvi dövlətlə uyğun gəlməz, yalnız xilafət dövləti qurmaqla mümkün ola bilər... Fətullah Gülənin qurduğu icma dövlətin dünyəvi özülünü yıxmaq məqsədilə yaradılıb, qeyri-qanuni quruluşu ilə bütün ölkəni bürümüşdür. Fətullah Gülən, heç bir qüvvə tərəfindən geri addım atmağa məcbur edilməyəcək bir gücə sahib olduqdan Atatürk qayda-qanunlarını ortadan qaldırmağı, dünyəvi, demokratik, sosial hüquq dövlətini aradan qaldıraraq şəriət dövləti qurmağı hədəfləyir... Fətullah Gülənin məqsədi, dövlətin bütün sistemlərində şəriət hökmlərinə əsaslanan teokratik bir islam diktaturası qurmaqdır. 1971-ci ildən 2000-ci ilə qədərki 29 ildə Türkiyənin yaşadığı qeyri-adi hadisələrə paralel olaraq, Gülənin sorğu - suala çəkilməsi və məhkəməyə cəlb edilməsi adi hala çevrilmişdi. 1971-ci ildən sonra, 1986-cı ildə İzmir Dövlət Təhlükəsizlik Məhkəməsi Gülən haqqında yenidən iddia qaldırmış, lakin məhkəmə sərbəst buraxılma qərarı vermişdi. 18 oktyabr 1995-ci ildə Ankara Dövlət Təhlükəsizlik Məhkəməsi prokuroru Nuh Mete Yüksələ verdiyi ifadəsində Gülən belə demişdir: "Mənim hakimiyyət tələbim yoxdur. Hakimiyyət tələbi insanın Allahla münasibətlərinə xələf gətirir... Demokratiya geriyə dönüşü olmayan bir zaman kəsiyidir. Mən 57 yaşındayam. Bugünə qədər yalnız Allahın rizasını qazanmaq üçün çalışdım." Yüksəl, 1995-ci il noyabrın 20-də Gülən haqqında azadlığa buraxılma qərarı verir. Nəhayət, İstanbul Dövlət Təhlükəsizlik Məhkəməsi Prokurorluğu, eyni məzmunda istintaq aparmış və 25 noyabr 1998-ci ildə Gülənin günahsız olduğuna qərar verilərək azadlığa buraxılmışdır. Gülən, əslində bir "Emil Zolya" axtarırdı. 5 il öncə azadlığa buraxılma qərarını verən prokuror Nuh Mete Yüksəlin irəli sürdüyü yeni iddiadan sonra "Bir insan ömür boyu eyni ittihamla mühakimə olunmaz. Bu iddia haqsızdır" deyəcək bir ziyalı səsi gözləyirdi. Eynən 100 il əvvəl, Fransada Dreyfus Məhkəməsində[1] Emil Zolyanın fransız ziyalılarının səsi olaraq, kapitan Dreyfusa edilən haqsızlıqlara üsyanı kimi, türk ziyalılarından da bu məhkəmə işinə qarşı qüvvətli bir etiraz səsi gözləyirdi. Belə bir səs, "Türkiyədə mürtəce meyllər" kitabının müəllifindən gəldi. Prokuror Nuh Mete Yüksəl, Güləni ittiham etmək üçün onun kitabından 18 dəfə sitat gətirmişdi. Lakin ixtisasca hüquqşünas olan bu kitabın müəllifinin Gülənin işi üçün verdiyi 47 səhifəlik məruzənin hər bir sətri, prokuror Yüksəlin iddianaməsinin əksinə idi. [1] Qərargah zabiti, kapitan Alfred Dreyfus, 1800-cü illərin sonunda Fransada dövlətə xəyanətdə ittiham olunaraq mühakimə olunmuş 12 il sonra isə bəraət qazanmışdı. Emil Zolya, Dteysfusa edilən bu haqsızlığa üsyan edən fransız ziyalılarının simvolu olmuşdur. |
| < Qabaqkı | Sonrakı > |
|---|





